
Bakı. Trend:
Samux rayonunun Alıuşağı kəndində qarayara xəstəliyinin
yayılmasının qarşısının alınması məqsədilə nəzarət və profilaktik
tədbirlər davam etdirilir.
Kəndin girişində nəzarət postu yaradılıb. Rayon Baytarlıq
İdarəsinin əməkdaşları tərəfindən kəndə daxil olan və çıxan
təsərrüfat və digər nəqliyyat vasitələrinin dezinfeksiyası həyata
keçirilir. Kənddə avtomobillərin hərəkəti tam açıqdır.
Nəzarət postlarında əsasən ət, ət və süd məhsullarının
daşınmasına nəzarət edilir. Həmçinin kənddə yerləşən iri
təsərrüfatlarda dezbaryerlər yaradılıb.
Yoluxma hallarının qarşısının alınması məqsədilə kənd
təsərrüfatı heyvanları arasında təkrar monitorinq tədbirləri
keçirilir.
Qeyd edək ki, daha əvvəl Gəncə Şəhər Birləşmiş Xəstəxanasının
nəzdində fəaliyyət göstərən Abbas Səhhət adına xəstəxananın
Yoluxucu xəstəliklər şöbəsinə qarayara infeksiyasına şübhə ilə 11
nəfər yerləşdirilib. Onların əksəriyyətinin Samux rayonunun
Alıuşağı kənd sakinləri olduğu bildirilib.
Səhiyyə Nazirliyi, Qida Təhlükəsizliyi Agentliyi və Tibbi Ərazi
Bölmələrini İdarəetmə Birliyinin birgə məlumatına görə, xəstəliyə
şübhəli ilk şəxsdən götürülmüş nümunələrin laborator müayinəsi
nəticəsində qarayara diaqnozu təsdiqlənib.

