Bakı. Trend:
Böyük Britaniya 2027-ci ildə keçiriləcək prezident seçkilərində
Fransanın parlamentdəki “Milli Birlik” fraksiyasının lideri Marin
Le Pen və ya solçu “Boyun Əyməyən Fransa” partiyasının qurucusu
Jan-Lük Melenşonun qalib gələcəyi təqdirdə Fransanın “İstəklilər
koalisiyası”ndan çıxa biləcəyindən narahatdır.
Bu barədə “The Daily Telegraph” qəzeti mənbələrə istinadən
məlumat yayıb.
Nəşrin qeyd etdiyinə görə, Marin Le Pen və Jan-Lük Melenşon
Fransa Prezidenti Emmanuel Makronun militarist və anti-Rusiya
siyasətini dəstəkləmirlər ki, bu da Londonda narahatlıq doğurur. “The Daily Telegraph” yazır ki, Britaniya hakimiyyəti Fransada yeni
prezidentin hakimiyyətə gəlməsinin “İstəklilər koalisiyası”nın
gələcəyini və ölkələr arasında kəşfiyyat məlumatlarının
mübadiləsini sual altına qoya biləcəyini istisna etmir.
Qəzet vurğulayıb ki, bununla əlaqədar NATO-ya üzv ölkələrin
diplomatik dairələrində Fransanın Ukraynaya dəstək verən aparıcı
dövlətlərdən biri kimi yerini kimin tuta biləcəyi ilə bağlı
müzakirələr başlayıb. Ən real namizəd Almaniya hesab olunur. Lakin
ölkədaxili mürəkkəb siyasi vəziyyət Almaniya kansleri Fridrix
Mertsin Berlini Ukraynadakı münaqişəyə daha dərindən cəlb etməsinə
mane ola bilər.

