Birinci vitse-prezident Mehriban Əliyeva Roma Papası XIV Leo ilə görüşüb (FOTO)

Baş səhifə

Bakı. Trend:

Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban
Əliyeva Müqəddəs Taxt-Taca – Vatikana rəsmi səfəri çərçivəsində
oktyabrın 17-də Roma Papası XIV Leo ilə görüşüb.

Trend xəbər verir ki, Roma
Papası XIV Leo tərəfindən qəbul olunduğuna görə təşəkkürünü
bildirən Azərbaycan Respublikasının Birinci vitse-prezidenti
Mehriban Əliyeva Vatikan ilə Azərbaycan arasında son illərdə
münasibətlərin, ikitərəfli əlaqələrin xeyli dərəcədə inkişaf
etdiyini vurğulayıb. Birinci vitse-prezident son illər ərzində
Heydər Əliyev Fondunun bərpa işlərində, həmçinin elmi
araşdırmalarda, mədəni mübadilələrdə Müqəddəs Taxt-Tacla bir çox
işlər gördüyünü diqqətə çatdırıb.

Birinci vitse-prezident Heydər Əliyev Fondu ilə Vatikan arasında
imzalanmış sazişlərə əsasən bəzi layihələrin uğurla başa
çatmasından sonra digərlərinin icrasına başlanıldığını
vurğulayıb.

Mehriban Əliyeva bundan sonra da Heydər Əliyev Fondunun yeni
təşəbbüslərlə çıxış edərək Müqəddəs Taxt-Tacla əməkdaşlığını
genişləndirəcəyini deyib.

Görüşdə Müqəddəs Taxt-Tacın Azərbaycandakı Katolik Kilsəsinin
fəaliyyəti, eyni zamanda, İkinci Katolik Kilsənin tikintisi ilə
əlaqədar aparılan hazırlıq işləri barədə məlumat verilib.

Roma Papası XIV Leo Vatikan dövləti ilə Azərbaycan Respublikası
arasında ikitərəfli əməkdaşlığın uzun tarixə malik olduğunu diqqətə
çatdırıb. Roma Papası bir neçə il əvvəl Mehriban xanımın irəli
sürdüyü təşəbbüslər sayəsində münasibətlərin xeyli inkişaf etdiyini
deyərək, Birinci vitse-prezidentə təşəkkürünü bildirib. XIV Leo bu
əməkdaşlığın dinlərarası və sivilizasiyalararası dialoqa çox böyük
təkan verdiyini, Azərbaycanın da bu baxımdan dünya miqyasında ilk
sıralarda yer aldığını qeyd edib.

Müqəddəs Taxt-Tacın rəhbəri Vatikanın Azərbaycanla bu layihələri
davam etdirməkdə maraqlı olduğunu deyərək, İkinci Katolik Kilsənin
tikintisinə ayrılmış torpaq sahəsinə görə təşəkkürlərini Azərbaycan
Respublikasının Prezidenti İlham Əliyevə çatdırmağı xahiş edib.
Roma Papası Heydər Əliyev Fonduna görülən işlərə görə təşəkkürünü
bildirib.

Birinci vitse-prezident Mehriban Əliyeva Müqəddəs Taxt-Tacın
rəhbərinə minnətdarlığını bildirərək, Roma Papasını Azərbaycana
səfərə dəvət edib.