Azərbaycandan İrana elektrik enerjisi ixracı artıb

Baş səhifə

Bakı. Trend:

Bu ilin yanvar-iyun aylarında Azərbaycandan İran İslam
Respublikasına 24,535 milyon kVt/saat həcmində elektrik enerjisi
ixrac edilib.

Dövlət Statistika Komitəsinin məlumatına əsasən, bu həcmdə
elektrik enerjisinin ixracından əldə olunan gəlir 697 min ABŞ
dolları olub.

İrana elektrik enerjisi ixracı 2025-ci ilin eyni aylarındakı
göstərici ilə müqayisədə həcm ifadəsində 9,642 milyon kVt/saat və
ya 1,6 dəfə, dəyər ifadəsi ilə isə 274 min ABŞ dolları, yaxud 1,6
dəfə artıb.

Eyni zamanda, 2026-cı ilin ilk altı ayında Azərbaycan İrandan
403 min ABŞ dolları dəyərində, 14,175 milyon kVt/saat həcmində
elektrik enerjisi idxal edib.

Bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə dəyər
ifadəsində 69 min ABŞ dolları və ya 14,6%, həcm ifadəsində isə
2,450 milyon kVt/saat və ya 14,7% azdır.

Ümumilikdə isə 2026-cı ilin yanvar-iyun aylarında Azərbaycandan
8 ölkəyə 4,105 milyard ABŞ dolları dəyərində 12,431 milyard kubmetr
təbii qaz (qaz halında) ixrac edilib. Bu, keçən ilin eyni dövrü ilə
müqayisədə dəyər baxımından 436,466 milyon ABŞ dolları və ya 9,6%
az, həcm baxımından isə 65,848 milyon kubmetr və ya 0,5%
çoxdur.

Bundan başqa, 2026-cı ilin ilk altı ayında Azərbaycan cəmisi bir
ölkədən – İran İslam Respublikasından 13,001 milyon ABŞ dolları
dəyərində 193,187 milyon kubmetr təbii qaz (qaz halında) idxal
edib. Ötən ilin eyni dövründə isə Azərbaycan iki ölkədən – Rusiya
və Türkmənistandan 31,980 milyon ABŞ dolları dəyərində 208,246
milyon kubmetr təbii qaz idxal etmişdi. Beləliklə, Azərbaycana
təbii qaz idxalı ötən ilin eyni dövrü ilə müqayisədə dəyər
ifadəsində 18,979 milyon ABŞ dolları və ya 59,3%, həcm baxımından
isə 12,059 milyon kubmetr və yaxud 5,9% azalıb.

Azərbaycan və İran arasında iqtisadi əməkdaşlıq son illərdə
ticarət, nəqliyyat, enerji, tranzit və logistika istiqamətlərində
ardıcıl şəkildə genişlənir. İki ölkə Şimal-Cənub Beynəlxalq
Nəqliyyat Dəhlizi çərçivəsində əməkdaşlığı dərinləşdirir, eyni
zamanda energetika sahəsində elektrik və təbii qaz mübadiləsi üzrə
birgə layihələr həyata keçirilir.




Tərəflər qarşılıqlı ticarət dövriyyəsinin artırılması,
sərhədyanı iqtisadi əlaqələrin genişləndirilməsi, sənaye
əməkdaşlığı və investisiya layihələrinin təşviqi istiqamətində də
əməkdaşlığı davam etdirirlər. Enerji sektoru isə iki ölkə arasında
iqtisadi münasibətlərin əsas istiqamətlərindən biri olaraq
qalır.

Enerji sahəsi Azərbaycan və İran arasında iqtisadi əməkdaşlığın
əsas istiqamətlərindən biri olaraq qalır. Tərəflər qaz ticarəti,
svop əməliyyatları və regional enerji layihələri üzrə əməkdaşlığın
genişləndirilməsi istiqamətində dialoqu davam etdirirlər.

İran tərəfi də bu əməkdaşlığın inkişafında maraqlı olduğunu
bəyan edir.

İranın neft nazirinin müavini və Milli Qaz Şirkətinin icraçı
direktoru Səid Təvəkkoli Trend-ə eksklüziv müsahibəsində bildirib
ki, Tehran Azərbaycanla qaz mübadiləsi və svop əməliyyatlarının
genişləndirilməsinə hazırdır.

“İranın qaz infrastrukturu qaz svopu və mübadiləsi üzrə
əməkdaşlıq üçün bütün imkanlara malikdir. Bu istiqamətdə
müzakirələr aparılır və ümid edirik ki, onlar yaxın gələcəkdə
praktik addımlarla nəticələnəcək”, – deyə o bildirib.

Təvəkkolinin sözlərinə görə, İranın Milli Qaz Şirkəti ilə SOCAR
arasında uzunmüddətli qaz müqaviləsinin müddəti yenidən uzadılıb və
mövcud əməkdaşlıq uğurla davam edir.

“Azərbaycanın digər qonşu ölkələrlə İran üzərindən qaz svopu və
mübadiləsi üzrə razılaşmaları olacağı təqdirdə, İran bu əməkdaşlığa
tam hazırdır”, – deyə nazir müavini Trend-ə bildirib.

O qeyd edib ki, İranın 2029-cu ilədək iqtisadi inkişaf
proqramında qonşu ölkələr və MDB məkanı ilə qaz ticarətinin,
tranzit və svop əməliyyatlarının genişləndirilməsi prioritet
istiqamətlərdən biri kimi müəyyən edilib. Bu baxımdan Tehran
Türkmənistan və digər qonşu ölkələrin qazının İran üzərindən üçüncü
bazarlara nəqlinə də açıqdır.