
Bakı.Trend:
Qazaxıstanın “QazTransOil” şirkəti cari ilin iyul ayında
Bakı-Tbilisi-Ceyhan boru kəməri vasitəsilə neft ixracını 155 min
tona çatdırıb. Bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə
11,5 faiz çoxdur.
Bu barədə şirkətin mətbuat xidməti məlumat yayıb.
“2026-cı ilin iyul ayında “QazTransOil” SC Aktau dəniz limanı
vasitəsilə Bakı–Tbilisi–Ceyhan neft kəməri istiqamətində 155 min
ton Qazaxıstan nefti yükləyib. Bu, 2025-ci ilin eyni dövrünün
göstəricisindən 16 min ton çoxdur”, – deyə şirkətin mətbuat
xidmətindən bildirilib.
Xatırladaq ki, bundan əvvəl, avqustun 7-də başqa bir Qazaxıstan
şirkəti – “QazMunayQaz” Bakı–Tbilisi–Ceyhan marşrutu ilə neft
tədarükünü ötən ilki 1,3 milyon tondan cari ildə 1,7 milyon tona
çatdırmaq planlarını açıqlamışdı. Qazaxıstanın energetika naziri
Yerlan Akkencenovun bildirdiyi kimi, Azərbaycan tərəfi Qazaxıstan
neftinin qəbul həcmini ildə 2,2 milyon tona qədər artırmağa hazır
olduğunu bəyan edib. Tərəflər bu məsələ ilə bağlı danışıqlar
aparırlar.

