
Bakı. Trend:
Bakıda 28 May küçəsində yerləşən memarlıq abidəsinə zərər vurmaq
cəhdinin qarşısı alınıb, reklam banerləri arxasında gizlədilmiş
qanunsuz işlər dayandırılıb.
Bu barədə Trend-ə Dövlət Şəhərsalma və Arxitektura Komitəsindən
məlumat verilib.
Bildirilib ki, Bakı Şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsinin
əməkdaşları tərəfindən Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin
Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidməti ilə birgə
aparılan şəhərsalma monitorinqi zamanı Nəsimi rayonu, 28 May küçəsi
20 ünvanında (inv. № 2904) yerləşən memarlıq abidəsində
qanunvericiliyin kobud pozuntuları aşkarlanıb.
Aydın olub ki, binanın fasadında və 133,4 kv.m sahəsi olan
qeyri-yaşayış obyektində heç bir icazə sənədi və müvafiq qurumlarla
razılaşdırma olmadan özbaşına təmir-tikinti işləri aparılıb. Bakı
Şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsi və Mədəni İrsin Qorunması,
İnkişafı və Bərpası üzrə Dövlət Xidməti tərəfindən işlərin
dayandırılması ilə bağlı aidiyyəti qurumlar və obyektin sahibləri
əvvəlcədən xəbərdar edilsə də, qanunsuz fəaliyyət yenidən davam
etdirilərək reklam banerləri ilə gizlədilməyə cəhd göstərilib.
Vurğulanıb ki, bu kimi hərəkətlər şəhərin tarixi-memarlıq
mühitinə ciddi müdaxilə kimi qiymətləndirilir və dövlət
mühafizəsində olan obyektə zərər vurur.
“İşlər dərhal dayandırılıb, binanın fasadı mütəxəssislərin
nəzarəti altında ilkin vəziyyətinə qaytarılır. Qanun pozuntusu
faktı barədə hüquq-mühafizə orqanlarına məlumat verilib.
Bakı Şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsi bir daha bütün
mülkiyyətçi və icarədarları xəbərdar edir ki, binaların memarlıq
görkəminə edilən hər hansı qeyri-qanuni müdaxilə qanunvericiliyin
kobud pozuntusu hesab olunur və pozuntuya yol verənlər barəsində
qanunvericiliklə nəzərdə tutulmuş müvafiq tədbirlər görüləcək”, –
deyə məlumatda qeyd edilib.

