Bakı metropoliteni xətlərində daha 15 yeni vaqon istismara buraxılıb

Baş səhifə

Bakı. Trend:

AZCON Holding şirkətlərindən olan “Bakı Metropoliteni” xidmət
keyfiyyətini və sərnişin məmnuniyyətini artırmaq məqsədilə müasir
qatar parkını genişləndirməkdə davam edir. Ən yeni texnologiyalar
əsasında hazırlanmış, dördüncü nəslə mənsub daha 3 qatar – 15 vaqon
metropoliten xətlərində istismara buraxılıb.

Trend xəbər
verir ki, bu fikirləri bu gün “Nərimanov” elektrik deposunda 3 yeni
qatarın xəttə verilməsi tədbirində Depolar üzrə İş Departamentinin
baş mühəndisi Aydın Bəkirov jurnalistlərə deyib.

O bildirib ki, Bakı Metropoliteninin texniki tələbləri nəzərə
alınmaqla hazırlanmış yeni vaqonların müasir mikroiqlim sistemi
(kondisioner) ilə təchiz edilməsi, vaqonlararası birbaşa keçidin
olması ilə sərnişin tutumunun 15 faiz artırılması, qapıların daha
enli olması, açılıb-bağlanma zamanı işıqlı xəbərdarlıq
indikatorları ilə təmin olunması sərnişinlər üçün mühüm əhəmiyyət
kəsb edən əsas üstünlüklərdir:

“Vaqonlarda ayaqüstə dayanan sərnişinlər üçün çoxfunksiyalı
zonalar, iri yüklər və uşaq arabaları üçün sahələr mövcuddur.
Metrodan istifadənin hər kəs üçün əlçatan olması nəzərə alınaraq,
baş vaqonlar əlil arabalarının yerləşdirilməsi üçün xüsusi yerlərlə
təmin edilib.”

A. Bəkirov qeyd edib ki, yeni qatarların baş vaqonları 38, orta
vaqonlarının hər biri isə 44 oturacaqlıdır:




“Baş vaqonun ümumi sərnişin tutumu 315, orta vaqonların isə 329
nəfərdir. Vaqonlarda təzyiqin tənzimlənməsi və ultrabənövşəyi
lampalarla havanın bioloji təmizlənməsi sistemləri, həmçinin
sərnişinlərin elektron qurğularını doldurması üçün USB yuvaları
mövcuddur.”

O vurğulayıb ki, vaqonlarda daxili və xarici videomüşahidə
sistemləri quraşdırılıb ki, bu da maşinistə qatarı tam nəzarətdə
saxlamağa, istənilən sahəni idarəetmə pultunun monitorunda daha
yaxından müşahidə etməyə və ətraf mühiti qiymətləndirməyə imkan
verir:

“İşıqdiodlu cihazların tətbiqi elektrik enerjisi sərfiyyatını 50
faiz azaltmaqla, istismar müddətini 75 faiz artırır. Yeni qatarlar
xəttə bu il istismar müddəti başa çatan əvvəlki nəsil vaqonların
əvəzinə verilib.”

Qeyd edək ki, hazırda sazlama və komplektləşdirmə işləri
aparılan daha 15 vaqon 2025-ci ilin sonunadək xətlərə buraxılacaq.
Bununla da Bakı metropolitenində yeni nəsil vaqonların sayı 180-ə
(36 qatar tərkibi) çatdırılacaq.

“Dövlət Proqramına uyğun olaraq, 2030-cu ilədək ümumilikdə 299
yeni nəsil vaqonun alınması nəzərdə tutulur”, – A. Bəkirov əlavə
edib.