
Bakı. Trend:
Azərbaycanın 44 günlük Vətən müharibəsində qazandığı möhtəşəm
Zəfər dünya tarixində nadir hadisələrdən biridir. Müasir dövrdə
Azərbaycan qədər parlaq və qəti qələbə əldə etmiş ikinci bir ölkə
yoxdur.
Bu fikirləri Trend-ə Milli Məclisin deputatı Afət Həsənova
bildirib.
Deputatın sözlərinə görə, Vətən müharibəsi və onun ardınca
keçirilən bir günlük antiterror əməliyyatı nəticəsində Azərbaycan
tam suverenliyini bərpa edib:
“Bu gün Azərbaycan öz ərazisində separatizmə son qoyub, işğalçı
qüvvələri tamamilə çıxarıb və ərazi bütövlüyünü bərpa edib. Bir
neçə gün sonra xalqımız tarixi Zəfərin beşinci ildönümünü qeyd
edəcək. Həmin gün xalqımızın qürur səhifəsidir, dövlətçilik
tariximizə qızıl hərflərlə yazılıb. İkinci Qarabağ müharibəsində
əldə edilən qələbə yalnız hərbi cəhətdən deyil, həm də mənəvi
baxımdan mühüm əhəmiyyət daşıyırdı. Bu, əsrlər boyu xalqımıza qarşı
törədilmiş ədalətsizliklərə, işğal və vandalizmə verilmiş layiqli
cavab idi”.
Afət Həsənova vurğulayıb ki, bu böyük Qələbə qəhrəman
oğullarımızın canı və qanı bahasına qazanılıb:
“Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə
Azərbaycan Ordusu düşmənə sarsıdıcı zərbə vuraraq xalqımızın 30
illik həsrətinə son qoydu və torpaqlarımızı işğaldan azad etdi.
Qalib xalq kimi bu gün biz şəhidlərimizin əziz xatirəsini ehtiramla
yad edirik”.
Deputat əlavə edib ki, hazırda azad edilmiş ərazilərdə
genişmiqyaslı bərpa və yenidənqurma işləri həyata keçirilir:
“Qarabağ və Şərqi Zəngəzurun azad olunması ilə ölkəmizin
həyatında yeni, strateji mərhələ başladı. Əsas məqsəd bu torpaqlara
həyatın geri qaytarılması, infrastrukturun bərpası və keçmiş
məcburi köçkünlərin doğma yurdlarına layiqli şəraitdə qayıdışını
təmin etməkdir. Azərbaycan dövləti bu istiqamətdə dərhal fəaliyyətə
başlayıb. Prezident İlham Əliyevin sərəncamı ilə ‘İşğaldan azad
edilmiş ərazilərə Böyük Qayıdışa dair I Dövlət Proqramı’
təsdiqlənib. 2026-cı ilin sonunadək proqramın birinci mərhələsinin
yekunlaşması və bu mərhələdə 140 minə yaxın məcburi köçkünün
Qarabağ və Şərqi Zəngəzura qayıdışı nəzərdə tutulur”.

