
Bakı. Trend:
Son illərdə Azərbaycan bankçılığı sürətli dəyişikliklər yaşayır.
Rəqəmsal texnologiyaların qəbul edilməsi, süni intellektin tətbiqi,
açıq bankçılıq infrastrukturu və artan kibertəhlükə fonunda
sektorun strateji prioritetləri yenidən müəyyənləşir. Bu gələcəyin
konturlarını isə ən aydın şəkildə Bakıda keçirilən IX Beynəlxalq
Bankçılıq Forumunda görmək mümkün oldu. Forum bank sektorunun həm
regionda, həm də Azərbaycanda hansı istiqamətə doğru inkişaf
etdiyini göstərən mühüm platformaya çevrildi.
Rəqəmsal bankçılığın sürəti artır
Bu gün bank filialına getmək artıq çoxları üçün seçim deyil,
alternativdir. Mobil tətbiqlər, onlayn xidmətlər, süni intellektlə
gücləndirilmiş əməliyyatlar bank xidmətlərinin əsas xətlərini
müəyyənləşdirir. Forumda çıxış edən Türkiyə Banklar
Assosiasiyasının sədri Alpaslan Çakar bankçılığın gələcəyini belə
təsvir edib: “Süni intellekt qaçınılmazdır… Bankçılığın yaxın
illərdəki əsas yanacağı verilənlər olacaq”.
Onun bu fikri rəqəmsal bankçılığın sadəcə əlçatanlıq məsələsi
deyil, həm də daha ağıllı, daha çevik, daha proqnozlaşdırıcı bir
sistem yaratmaq demək olduğunu göstərir. Banklar artıq yalnız
əməliyyat aparan qurum kimi çıxış etmir, müştəri davranışını
oxuyan, ehtiyacları öncədən təhlil edən texnoloji mərkəzlərə
çevrilirlər.
Polşanın maliyyə sektorunu təmsil edən nümayəndə, Polşa Banklar
Assosiasiyasının rəsmisi Rafal Sokolovski isə rəqəmsallaşmanın
Avropadakı tendensiyalarla üst-üstə düşdüyünü vurğulayıb:
“Bankçılıqda innovasiyanın sürəti bütün regionu dəyişir. Polşada
rəqəmsal ödənişlərin payı rekord səviyyəyə çatıb və Azərbaycan da
eyni istiqamətdə çox sürətli addımlar atır”.
Onun sözlərinə görə, Azərbaycanın ani ödəniş sistemləri, mobil
bankçılıq və rəqəmsal xidmətlər üzrə atdığı addımlar modern Avropa
maliyyə modelinə uyğun formalaşır.
Nümayəndələrin vurğuladığı kimi, yaxın illərdə bankların böyük
bir hissəsi müştəri sorğularını süni intellekt (AI) əsaslı
sistemlərə etibar edəcək. Bu da həm xidmət sürətini artırır, həm də
xərcləri minimuma endirir.
Açıq bankçılıq: sərhədləri aşan
çeviklik
Azərbaycan üçün açıq bankçılıq hazırda ən çox müzakirə olunan
yeni modeldir. Bu model bankların, finteklərin və digər maliyyə
təşkilatlarının vahid platformada işləməsinə, məlumatların müştəri
icazəsi ilə təhlükəsiz paylaşılmasına imkan yaradır. Forumda
AMB-nin Xüsusi tənzimləmə rejiminin təşkili şöbəsinin rəisi Sahib
Həsənov açıq bankçılıq istiqamətində görülən işləri belə şərh etdi:
“Vahid standartlardan əlavə, vahid infrastruktur da yaradılıb ki,
bütün təşkilatlar bu infrastruktur üzərindən açıq bankçılıq
xidmətlərindən istifadə edə bilsinlər”.
Onun sözlərinə görə, AMB-nin üzərində işlədiyi “texniki sandbox”
mexanizmi startapların sintetik məlumatlar üzərində təhlükəsiz
şəkildə innovasiyalarını sınaqdan keçirməsinə imkan verəcək.
“Mənfi ssenarilər olmadan innovasiyanın test edilməsi daha
dayanıqlı nəticələr verəcək”,- S. Həsənov əlavə edib.
Tənzimləyici qurum rəsmisinin sözlərini ümumiləşdirsək, açıq
bankçılıq modeli Azərbaycanın maliyyə ekosistemində rəqabəti
gücləndirə, yeni məhsulların yaranmasına şərait yarada və
müştərilər üçün daha çevik, daha geniş xidmət çeşidi təklif edə
bilər.
Təhlükəsizlik: rəqəmsallaşmanın kölgəsində böyüyən
məsuliyyət
Rəqəmsal xidmətlərin genişlənməsi yeni bir məsuliyyət – güclü
kibermüdafiə sistemini tələb edir. Artıq bankların prioritetləri
arasında yalnız xidmətin sürəti və rahatlığı yox, həm də
təhlükəsizliyin yüksək səviyyədə saxlanılması dayanır.
“Mastercard”ın kibertəhlükəsizlik üzrə rəhbərlərindən olan Reşat
Kökçən forumda diqqətəçarpan məqama toxundu: “Azərbaycana yönələn
hücumların böyük hissəsi xaricdən gəlir… Biz qlobal təhdid
kəşfiyyatımızı burada daha aktiv tətbiq etməyə başlayırıq”.
Bu açıqlama təsadüfi deyil. Çünki Azərbaycan artıq regional
rəqəmsal ödəniş mərkəzinə çevrilir. Bu isə təbii olaraq ölkəni
fokus nöqtəsinə çevirir.
Kökçən həmçinin şirkətin Azərbaycanda yerli kibertəhlükəsizlik
qrupunun formalaşdırılmasına hazırlaşdığını bildirib. Bu isə ölkədə
təhlükəsizlik bacarıqlarının lokallaşdırılması baxımından mühüm
addımdır.
Digər tərəfdən, forumda çıxış edən AMB mütəxəssisi Elvin Cüvarov
banklara yönəlmiş fırıldaqçılıq risklərinin əsas mənbəyini
açıqlayıb: “Rəqəmsal fırıldaqçılığın böyük hissəsi – 80-90 faizi –
müştərilərin manipulyasiyası yolu ilə baş verir…”
Bu rəqəm bizə göstərir ki, bankların texniki müdafiəsi güclənsə
də, insan faktoru mürəkkəb problem olaraq qalır. Bu isə həm
bankların, həm də müştərilərin davamlı maariflənməsini tələb
edir.
Onun fikrincə, bu sahədə standartların gücləndirilməsi,
autentifikasiya proseslərinin təkmilləşdirilməsi və banklar
arasında məlumat mübadiləsinin artırılması vacibdir.
Regionun bankçılıq inteqrasiyası: bir-birini
tamamlayan bazarlar
Forum yalnız daxili tendensiyaları göstərmədi, eyni zamanda
region ölkələrinin bir-biri ilə daha sıx inteqrasiya olunduğunu da
ortaya qoydu. Forumda yalnız Azərbaycan deyil, regionun digər
ölkələri də bankçılığın gələcəyi ilə bağlı öz perspektivlərini
bölüşdülər.
Gürcüstan Banklar Assosiasiyasının Açıq Bankçılıq Layihəsinin
CEO-su Mixeil Kapanadze iki ölkə arasında bank sektorunda
əməkdaşlığın genişlənə biləcəyini vurğuladı: “Azərbaycanla açıq
infrastruktur və innovasiya üzrə əməkdaşlıq üçün geniş potensial
görürük”.
Region ölkələrin bank sektoru nümayəndələrinin fikirləri bir
tendensiya açıq göstərir: Cənubi Qafqaz və Mərkəzi Avropa bankları
rəqəmsal ödənişlər, identifikasiya sistemləri və açıq API-lər üzrə
eyni istiqamətdə hərəkət edir. Bu isə yeni regional maliyyə
xəritəsinin formalaşması deməkdir.
Nəticə etibarilə, Azərbaycan bankçılığının yeni dövrün
astanasında olduğunu deyə bilərik. Bu dövrün əsas dayaqları isə
süni intellekt, açıq bankçılıq və kibertəhlükəsizlikdir. IX
Beynəlxalq Bankçılıq Forumu göstərdi ki, ölkənin maliyyə sektoru bu
dəyişikliklərə təkcə uyğunlaşmır, həm də aktiv şəkildə liderlik
etməyə hazırlaşır. Əgər bu strategiyalar ardıcıl şəkildə davam
etdirilərsə, yaxın illərdə Azərbaycan bankçılığı daha çevik, daha
ağıllı və daha təhlükəsiz maliyyə ekosisteminə çevriləcək.

