Azərbaycan Avropada irqçilik və islamofobiyanın artması ilə bağlı narahatlığını bildirib

Baş səhifə

Bakı. Trend:

Azərbaycan inkişaf hüququnun, habelə iqtisadi, sosial və mədəni
hüquqlar da daxil olmaqla, insan hüquqlarının qorunması və
təşviqinin demokratiyanın, sülhün və rifahın mərkəzində dayandığına
inanır.

Bu, Azərbaycanın Cenevrədəki BMT Bölməsi və digər beynəlxalq
təşkilatlar yanında Daimi Nümayəndəliyinin BMT-nin İnsan Hüquqları
Şurasının 62-ci sessiyasında ali komissarın illik hesabatı üzrə
interaktiv dialoq zamanı səsləndirilən bəyanatında öz əksini
tapıb.

Bəyanatda qeyd olunub ki, Cənubi Qafqaz hazırda qarşıdurmadan
uzaq və əməkdaşlıq məkanına çevrilmək üçün tarixi bir şans əldə
edib:

“Bunun faydaları artıq ortadadır. Azərbaycan təkcə yaxın
qonşuluqda olan ölkələrə deyil, həm də regionun hüdudlarından
çox-çox kənara yeni iqtisadi, ticarət və tranzit perspektivləri
açıb və təklif edib”.

Hökumətin əsas prioritetlərindən birinin çoxsaylı məcburi
köçkünlərin öz evlərinə qayıtması ilə yanaşı, yenidənqurma və bərpa
fəaliyyəti olduğu diqqətə çatdırılan bəyanatda geri qayıtmaq və
ləyaqətli yaşayış hüququnun mühüm insan hüquqları olduğu
bildirilib:

“Bu hüquqların reallaşdırılmasına, eləcə də minlərlə itkin
düşmüş şəxsin şəxsiyyətinin müəyyənləşdirilməsinə mane olan amil
geniş ərazilərdə külli miqdarda mina və partlamamış hərbi
sursatların olmasıdır. Biz beynəlxalq birliyi bu məsələyə laqeyd
qalmamağa və həmrəylik nümayiş etdirməyə çağırırıq”.

Bəyanatda həmçinin Avropa İttifaqı daxilində etnik və dini
azlıqlara təsir edən irqçilik və ayrı-seçkilik, islamofobiyanın
artması və böyüyən sosial dözümsüzlük də daxil olmaqla, insan
hüquqları sahəsində davam edən problemlərdən narahatlıq ifadə
olunub:

“Miqrantlara və sığınacaq axtaran şəxslərə qarşı qeyri-bərabər
rəftar, inteqrasiya qarşısındakı maneələr, habelə ləyaqət, müdafiə
və hüquqlara bərabər çıxışla bağlı suallar doğuran təcrübələr
barədə hesabatlar bizi narahat etməkdə davam edir. İnsan hüquqları
ardıcıl şəkildə və ayrı-seçkiliyə yol verilmədən təşviq edilməli,
səmərəli beynəlxalq əməkdaşlıq isə qarşılıqlı hörmətə, obyektivliyə
və bərabər standartlara əsaslanmalıdır”.