Bakı. Trend:
13 fevral 2026-cı il tarixində Azərbaycan Respublikası
Audiovizual Şurasının onlayn iclası keçirilmişdir. İclasda “ARB”
kanalının efirində “Reklam haqqında” Qanunun pozulması faktı
müzakirə olunmuşdur.
08 fevral 2026-cı il tarixində kanalın efirində saat 13.38-də
yayımlanan reklam materialında endirimin və ödəniş şərtlərinin
reklamda aydın və düzgün şəkildə göstərilməməsi aşkarlanmışdır.
Fakt ilə bağlı zəruri araşdırmalar aparılmış və “Reklam haqqında”
Qanunun 7-ci maddəsinin tələblərinin pozulması təsbit olunmuşdur.
Belə ki, həmin reklamda təqdim olunan məlumatlar “Reklam haqqında”
Qanunun 7.1.4-cü maddəsinə əsasən əmtəənin qiyməti, qiymət
güzəştləri, əldəetmə və ödəniş şərtləri barədə məlumatları təhrif
edilmiş, həqiqətə uyğun olmayan şəkildə əks etdirdiyinə görə
qeyri-dəqiq reklam hesab olunur və həmin Qanunun 7.2-ci maddəsinə
görə qeyri-dəqiq reklama yol verilmir.
Cari ilin əvvəlindən televiziya kanalının efirində belə
pozuntuların bir neçə dəfə baş verməsini, kanala müvafiq
bildirişlərin göndərilməsini nəzərə alaraq Audiovizual Şuranın
üzvləri “ARB” kanalına qarşı sərt sanksiya tədbirinin tətbiq
edilməsi və kanalın yayımının 16 fevral tarixində saat 08.00-dan
başlayaraq 24 saat müddətinə müvəqqəti dayandırlması barədə qərar
qəbul etmişlər.
Xəbər yenilənəcək

