
Bakı. Trend:
ABŞ hökuməti 40 trilyon dollar həddini aşan dövlət borcunu
azaltmaq üçün ictimaiyyət arasında narazılıq doğura biləcək
qərarlar qəbul etməyə məcbur qala bilər.
Federal hökumət uzun illər ərzində vergi daxilolmalarından daha
çox vəsait xərcləyib. Bu isə büdcə kəsirinin dərinləşməsinə və
dövlət borcunun davamlı şəkildə artmasına səbəb olub.
Hazırda ABŞ-nin 30 illik dövlət istiqrazlarının gəlirliliyi 5,27
faizi ötüb. Ekspertlərin fikrincə, borclanmanın həcmini azaltmaq
üçün Vaşinqton ya vergiləri artırmalı, ya da dövlət xərclərini
azaltmalıdır. Hər iki variantın cəmiyyətdə ciddi narazılıq
yaradacağı ehtimal olunur.
Mütəxəssislər eyni zamanda “borc spiralı” riskinə də diqqət
çəkirlər. Bu vəziyyətdə borca xidmət xərcləri iqtisadi artımı
üstələyir. Hazırda ABŞ milli borc üzrə faiz ödənişlərinə ildə
təxminən 1 trilyon dollar vəsait sərf edir.
Piterson adına Beynəlxalq İqtisadiyyat İnstitutunun
hesablamalarına görə, zəruri islahatlar həyata keçirilməzsə,
ABŞ-nin dövlət borcu yaxın altı il ərzində 50 trilyon dollara çata
bilər.

