Səudiyyə Ərəbistanından olan iş adamlarının Şuşaya səfəri planlaşdırılır – Səfir

Baş səhifə

Bakı. Trend:

Səudiyyə Ərəbistanından olan iş adamlarının Şuşaya səfəri
planlaşdırılır.

Trend-in
tədbirdəki müxbiri xəbər verir ki, bunu Səudiyyə Ərəbistanının
Azərbaycandakı səfiri İssam bin Saleh əl-Cuteyli Bakıda ölkəsinin
Milli Günü münasibətilə keçirilən təntənəli mərasim çərçivəsində
jurnalistlərə açıqlamasında deyib.

Səfir bildirib ki, hazırda iki ölkə arasında əməkdaşlığın
genişləndirilməsi məqsədilə bir sıra təşəbbüslər üzərində iş
aparılır. Bunlardan biri Səudiyyə Ərəbistanından iş adamlarından
ibarət nümayəndə heyətinin Şuşaya və ətraf ərazilərə səfərinin
təşkilidir.

“Səfərin məqsədi Azərbaycan hökumətinin həmin ərazilərdə həyata
keçirdiyi irimiqyaslı layihələrlə, o cümlədən yolların və
tunellərin çəkilməsi, xəstəxanaların və universitetlərin tikintisi
kimi infrastruktur işləri ilə yaxından tanış olmaqdır”, – deyə
diplomat vurğulayıb.

Onun sözlərinə görə, hökumət və biznes nümayəndələrindən ibarət
heyətin azərbaycanlı tərəfdaşları ilə əməkdaşlığın inkişaf
etdirilməsi imkanlarını müzakirə etməsi nəzərdə tutulur.

Səfir kənd təsərrüfatı, energetika, turizm, otelçilik və
mədənçilik sahələrində fəaliyyət göstərən investorların Azərbaycana
cəlb olunması istiqamətində çalışdıqlarını qeyd edib.

Diplomat iki ölkənin müxtəlif sahələrdə əməkdaşlığı
genişləndirmək üçün ortaq imkanlara və potensiala malik olduğunu
bildirib. O bu imkanlardan istifadənin hər iki ölkənin
iqtisadiyyatına və xalqlarının rifahına müsbət təsir göstərəcəyini
vurğulayıb.