
Bakı. Trend:
Yaponiya əhalisi arasında yaşı 65 və daha çox olanların nisbəti
yeni rekord səviyyəyə çatıb. İşləyən yaşlı əhalinin sayı da bütün
dövrlərin ən yüksək həddindədir.
Ölkədə yaşı 65 və daha çox olanların sayı 36,24 milyona çatıb.
Bu, əvvəlki illə müqayisədə təxminən 20 min nəfər çoxdur. Onlardan
15,71 milyonu kişi, 20,54 milyonu isə qadındır.
Yaşlılar əhalinin 29,6 faizini təşkil edir ki, bu da ötən illə
müqayisədə 0,2 faiz çoxdur və yeni rekord səviyyədir. BMT-nin
məlumatlarına əsasən, əhalisi 40 milyondan çox olan 39 ölkə
arasında yaşlıların nisbəti ən yüksək göstərici Yaponiyada qeydə
alınıb.
Daxili İşlər Nazirliyinin araşdırması göstərir ki, ötən il
Yaponiyada işləyən yaşlı əhalinin sayı rekord həddə – 9,43 milyon
nəfərə çatıb; bu, əvvəlki illə müqayisədə 130 min nəfər çoxdur.
Yaşlı əhali arasında məşğulluq səviyyəsi 26 faiz təşkil edib.
Proqnozlara görə əhali sayının azalması fonunda bəzi sahələrdə
işçi qüvvəsi çatışmazlığı müşahidə olunduğundan, işləyən yaşlıların
sayı artmaqda davam edə bilər.
Qeyd edək ki, Yaponiya əhalisinin sayı sürətlə azalan ölkələr
siyahısındadır. 2025-ci ildə əhalinin sayı əvvəlki illə müqayisədə
917 min nəfər azalaraq 119 milyon 736 min 483 nəfərə enib. Bu,
1968-ci ildən bəri qeydə alınan ən böyük illik azalma olmaqla
yanaşı, son 42 ildə ilk dəfə yerli əhalinin sayının 120 milyondan
aşağı düşməsi deməkdir. Rəsmi məlumatlara görə, ötən il ölkədə
təxminən 670 min doğum, 1,6 milyon ölüm qeydə alınıb. Doğumun
azalması fonunda yaşlı insanların sayı da artır.

