Çin “Kinetica-1” raketi ilə doqquz peykini uğurla kosmosa göndərib

Baş səhifə

Bakı. Trend:

Çinin “CAS Space” şirkəti doqquz peyki uğurla orbitə
çıxarıb.

Bu barədə şirkət “WeChat” sosial şəbəkəsindəki səhifəsində
məlumat yayıb.

Qeyd olunub ki, buraxılış Pekin vaxtı ilə saat 12:03-də Şimali
Çində yerləşən Tsyütsüan kosmodromunun “Dunfen” kommersiya
meydançasından “Kinetica-1” (“Litszyan-1”) daşıyıcı raketinin
köməyi ilə həyata keçirilib.




Bildirilib ki, bu dəfə “Tsinlin-01” və “Tsinlin-02” (optik
aparatlarla təchiz olunmuş) məsafədən zondlama peykləri, peyk
rabitəsi və telekommunikasiya texnologiyalarının inteqrasiyasını
sınaqdan keçirmək üçün nəzərdə tutulan “Pençen Şoufa”, eləcə də
yüksək ayırdetmə qabiliyyətinə və orbitdə məlumatların emalı
imkanına malik “Çaocisuan-1” peykləri orbitə çıxarılıb.

Bundan əlavə, elektromaqnit spektrinin monitorinqi üçün nəzərdə
tutulan üç “Ditin-01” peyki, “Puczyan-4” və “Yunşyao Tanluçje”
peykləri də orbitə buraxılıb. Onların hamısı nəzərdə tutulan
orbitlərə uğurla çıxarılıb.