
Sentyabrın 18-də dahi Azərbaycan bəstəkarı, musiqişünas, pedaqoq, publisist və ictimai xadim Üzeyir Hacıbəylinin anadan olmasının 141-ci ildönümü qeyd olunur.
Mədəniyyət Nazirliyindən Modern.az-a verilən məlumata görə, 2009-cu ildən etibarən Heydər Əliyev Fondu və Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə Üzeyir Hacıbəylinin adını daşıyan Beynəlxalq Musiqi Festivalı keçirilir. Musiqi bayramı hər il dünyanın müxtəlif ölkələrindən tanınmış ifaçıları və kollektivləri bir araya gətirir.
Sentyabrın 18-dən 30-dək davam edəcək XVIII Beynəlxalq Musiqi Festivalı zəngin proqramla keçiriləcək. Bakı ilə yanaşı, Ağcabədi, Gəncə, Şuşa, Laçın, Ağdam və Lənkəranda konsert proqramları, tamaşalar, sərgilər, təqdimatlar və digər mədəni tədbirlər təşkil olunacaq.
Festival çərçivəsində Özbəkistan, Almaniya və Türkiyədə də müxtəlif tədbirlərin keçirilməsi nəzərdə tutulub.
Builki festivalın əlamətdar hadisələrindən biri Bakıda Türk Dünyası Bəstəkarlarının I Qurultayının keçirilməsi olacaq.

