Azərbaycan Ermənistandakı tarixi-dini abidələrin bərpasına hazırdır – Komitə sədri

Baş səhifə

Azərbaycan gələcəkdə indiki Ermənistan ərazisində yerləşən tarixi-dini abidələrin və məscidlərin bərpası ilə bağlı təşəbbüslər irəli sürməyə hazırdır.

Modern.az xəbər verir ki, bunu Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin sədri Fazil Mustafa tarixi-dini irsin qorunmasına həsr olunmuş tədbirdə çıxışı zamanı bildirib.

Deputat qeyd edib ki, Azərbaycanın tarixi-dini abidələrin bərpası ilə bağlı fəaliyyəti yalnız ölkə ərazisi ilə məhdudlaşmır.

“Qərbi Azərbaycanla bağlı müzakirələrimizdə də bəyan etdiyimiz kimi, gələcəkdə imkan yarandığı təqdirdə, indiki Ermənistan ərazisindəki tarixi-dini abidələrin və məscidlərin bərpası istiqamətində də təşəbbüslər irəli sürməyə hazırıq”, – komitə sədri bildirib.

Fazil Mustafa əlavə edib ki, sülh sazişindən sonrakı mərhələdə həmin ərazilərdəki irsin bərpası məsələsi də gündəmə gələ bilər.

Lamiyə Cənnətzadə