
Bakı.Trend:
“Comstock Resources Inc.” şirkətinin Azərbaycan Dövlət Neft
Şirkəti (SOCAR) ilə imzaladığı və SOCAR-ın və ya onun tam
mülkiyyətində olan törəmə şirkətinin “Comstock”un müəyyən
aktivlərində passiv iştirak payları əldə etməsini nəzərdə tutan
niyyət məktubu şirkətin kredit profili üçün müsbət amildir.
Bu barədə “S&P Global Ratings”in məlumatında deyilir.
Reytinq agentliyində xatırladılıb ki, 1 sentyabr 2026-cı ildə
elan olunan sövdələşmə SOCAR-ın “Legacy Haynesville”də Comstock-un
hasilat aktivlərində 20%-lik passiv işçi iştirak payını, “Western
Haynesville”də hasilat aktivlərində 15%-lik passiv işçi iştirak
payını, həmçinin “Comstock”a məxsus “Pinnacle Gas Services LLC”
şirkətinin 73%-lik iştirak payının 15%-ni əldə etməsini nəzərdə
tutur. Alış qiymətinə standart düzəlişlərin nəzərə alınmağı ilə,
sövdələşmənin ümumi dəyəri nağd şəkildə 1,65 milyard ABŞ dolları
təşkil edir. SOCAR-ın “Western Haynesville” aktivlərindəki 15%-lik
payı, bu aktivlərə yatırdığı investisiyadan 15%-lik gəlir əldə
etdikdən sonra beş il ərzində 7,5%-ə qədər azalacaq.
“Niyyət məktubu tərəfləri yekun sazişin bağlanması ilə bağlı
danışıqlar aparmağa öhdəlik götürür. Sazişin 31 oktyabr 2026-cı
ilədək imzalanması, sövdələşmənin isə ilin sonunadək tamamlanması
planlaşdırılır. Sövdələşmə standart bağlanış şərtlərinin yerinə
yetirilməsindən asılıdır və qüvvəyə minmə tarixi 1 iyul 2026-cı il
olaraq müəyyən edilib. SOCAR sövdələşmə çərçivəsində əldə etdiyi
iştirak paylarına uyğun nisbətlərdə “Comstock”un “Legacy və Western
Haynesville” rayonlarında həyata keçirəcəyi yeni layihələrdə
iştirak etmək imkanı qazanacaq. Öz növbəsində, “SOCAR Comstock”a
təbii qazının beynəlxalq alıcılara satış imkanlarını təqdim
edəcək”, – deyə məlumatda bildirilir.
“Comstock”un S&P tərəfindən “B” səviyyəsində müəyyən edilən
emitent kredit reytinqi və stabil proqnozu dəyişməz olaraq
qalır.
“Bu sövdələşməni şirkətin kredit profili üçün müsbət
qiymətləndirsək də, yekun saziş hələ imzalanmayıb və “Comstock”un
kredit göstəriciləri hələ də böyük ölçüdə təbii qazın
qiymətlərindən asılıdır. “Comstock” sövdələşməyə daxil edilən bütün
aktivlərin operatoru olaraq qalacaq, həmçinin sövdələşmə başa
çatdıqdan sonra qaz sənayesinin orta və aşağı seqmentlərində
fəaliyyət göstərən “Pinnacle” infrastruktur aktivində 62%-lik
nəzarət payını saxlayacaq. “Comstock”un xalis gəlirlərinin bir
hissəsini kredit xətti üzrə borclarının azaldılmasına yönəldəcə,
həmçinin 2027-ci ilin martından etibarən vaxtından əvvəl geri alına
biləcəyi, 2029-cu ildə ödəmə müddəti başa çatan istiqrazlarının bir
hissəsini və ya hamısını potensial olaraq geri ödəyəcəyi
gözlənilir. Qalan vəsaitlər şirkətə məxsus “Western
Haynesville-dəki” 545 min xalis akr ərazinin mənimsənilməsi də
daxil olmaqla, ümumi korporativ məqsədlərə yönəldilə bilər. Bundan
əlavə, SOCAR “Comstock” üçün mayeləşdirilmiş təbii qaz (LNG)
sahəsində imkanlar açır ki, bu da şirkətə potensial olaraq
beynəlxalq satış bazarlarına çıxış əldə etməyə, həmçinin ticarət
platformasını və qaz sənayesinin aşağı seqmentində marketinq
imkanlarını genişləndirməyə imkan verəcək”, – deyə reytinq
agentliyində bildirilib.
“S&P Global Ratings”in qiymətləndirməsinə görə, bu
sövdələşmə “Comstock”a ilin əvvəlindən formalaşan sərbəst pul
vəsaiti çatışmazlığını kompensasiya etməyə imkan verəcək və yaxın
perspektivdə şirkətin kredit göstəricilərinin yaxşılaşmasına töhfə
verməlidir.

