“UnionPay” kartları vasitəsilə aparılmış əməliyyatlarla bağlı məlumatlar açıqlanıb

Baş səhifə

Bakı.Trend:

Azərbaycanda iyul ayı üzrə “UnionPay” kartları ilə aparılan
əməliyyatlara dair məlumatlar açıqlanıb.

Azərbaycan Mərkəzi Bankının (AMB) açıqladığı statistik bülletenə
əsasən, bu ilin iyul ayının sonuna Azərbaycanda rezident maliyyə
təşkilatları (o cümlədən statistik vahidin ödəniş kartları)
tərəfindən emissiya edilmiş “UnionPay” kartları ilə 2,2 min
əməliyyat həyata keçirilib. Qeyd olunur ki, bu əməliyyatların həcmi
200 min manatı ötüb.

Bankın məlumatına görə, ötən ilin eyni dövrü ilə müqayisədə
“UnionPay” kartları ilə aparılan əməliyyatların sayı 2 mindən çox
və ya 11 dəfə, əməliyyatların həcmi isə 170 min manatdan çox və ya
6,7 dəfə artıb.

AMB-nin məlumatına görə, hesabat dövründə qeyri-rezident maliyyə
təşkilatları tərəfindən emissiya edilmiş “UnionPay” kartları ilə
aparılan əməliyyatların sayı 2,4 min, həcmi isə 300 min manat
təşkil edib.




Hazırda Azərbaycanda AZQR vahid standartı əsasında QR-ödənişlər
sisteminin mərhələli tətbiqi davam edir. AMB-dən Trend-ə bildirilib ki, banklar artıq sistemlə
texniki inteqrasiyanı yekunlaşdırıblar, funksional imkanlar isə
tədricən POS-terminallara və mobil bank tətbiqlərinə inteqrasiya
olunur.

“İnkişafın növbəti mərhələsi sərhəd keçid QR-ödənişlərin işə
salınması ola bilər. Bunun üçün Azərbaycanın Anında Ödəniş
Sisteminin digər ölkələrin analoji sistemləri ilə qarşılıqlı
inteqrasiyası imkanları nəzərdən keçirilir. Hazırda tənzimləyici bu
tür həllərin tətbiqi üzrə beynəlxalq təcrübəni öyrənir.

Mərkəzi Bankdan vurğulanıb ki, gündəlik pərakəndə
hesablaşmalarda QR-ödənişlərin istifadəsinin genişləndirilməsi,
istifadəçi təcrübəsinin təkmilləşdirilməsi və ekosistemin
iştirakçısı olan bankların tam uyğunluğunun təmin edilməsi
prioritet olaraq qalır.