
REAL TV-nin baş direktoru Mir Şahin Ağayev jurnalistikada peşəkarlığın vətənpərvərlikdən daha vacib olduğunu bildirib. O, eyni zamanda hazırda xalis jurnalistika ilə deyil, təbliğat fəaliyyəti ilə məşğul olduğunu açıqlayıb.
Modern.az xəbər verir ki, Mir Şahin Ağayev bu fikirləri REAL TV-nin “Media masası” verilişində səsləndirib.
O bildirib ki, peşəkar olmayan insanın vətənpərvərliyi də cəmiyyətə və dövlətə fayda verə bilməz:
“Peşəkarlıq ciddi məsələdir. Hətta deyərdim ki, peşəkarlıq vətənpərvərlikdən də artıq məsələdir. Çünki sən peşəkar deyilsənsə, sənin vətənpərvərliyinin xeyri olmayacaq. Sən vətəni sevəcəksən, amma vətən üçün lazım olan işi yüksək peşəkarlıqla yerinə yetirə bilməyəcəksən”.
Mir Şahin hazırkı fəaliyyətinə də aydınlıq gətirərək bildirib ki, bunu klassik jurnalistika kimi qiymətləndirmir:
“Kim deyib ki, mən xalis jurnalistika ilə məşğulam? Mənim indiki işim daha çox təbliğatçılıqdır və mən bu təbliğatçılığı nə qədər ki, Azərbaycan dövlətinin milli maraqları tələb edir, o qədər də aparacağam. Bu mənim mövqeyimdir”.

