İran saatlardır internetsiz qalıb

Baş səhifə

Bakı. Trend:

İran 1000 saatdan çoxdur ki, internetsiz qalıb.

Trend xəbər verir
ki, bu barədə “Netblocks” real-vaxt rəqəmsal monitorinq platforması
məlumat yayıb.

Məlumata görə, İranın intranet adlandırılan və ölkədaxili
yazışmalar, bank əməliyyatları və digər xidmətlər üçün zəruri olan
daxili interneti işləsə də, www-ya, yəni beynəlxalq şəbəkəyə çıxış
41 gündən çoxdur ki, yoxdur.

Yerli hökumət İranda müharibə başlayandan beynəlxalq şəbəkəyə
çıxışı məhdudlaşdırıb.




Qeyd edək ki, “NetBlocks” qlobal internet monitorinq
platformasıdır və müxtəlif ölkələrdə internet kəsintiləri, sosial
şəbəkə məhdudiyyətləri və kibertəhlükəsizlik hadisələrini real vaxt
rejimində izləyir. Platforma həm texniki ölçmələrə, həm də açıq
mənbələrə əsaslanaraq rəqəmsal hüquqlar və informasiya əlçatanlığı
ilə bağlı şəffaflıq təmin edir.

Qeyd edək ki, fevralın 28-də ABŞ və İsrail İrana qarşı hərbi
əməliyyatlara başlayıb. Zərbələr ölkənin ən böyük şəhərlərinə, o
cümlədən Tehrana endirilib. Ağ Ev hücumu İslam Respublikasından
qaynaqlanan raket və nüvə təhdidləri ilə əsaslandırıb. İrana
endirilən zərbələr nəticəsində ölkənin ali rəhbəri ayətullah Əli
Xamenei və rəhbərliyin bəzi digər əsas fiqurları həlak olub. İranın
İnqilab Keşikçiləri Korpusu İsrailə qarşı genişmiqyaslı cavab
əməliyyatı həyata keçirdiyini bəyan edib. İran eyni zamanda
ballistik raketlər, qanadlı raketlər və pilotsuz uçuş aparatları
ilə ABŞ-nin Bəhreyn, İordaniya, İraq, Qətər, Küveyt, BƏƏ, Oman,
Səudiyyə Ərəbistanı və Suriyadakı obyektlərini hədəfə alır.

Münaqişə nəticəsində regionun enerji infrastrukturu və dəniz
nəqliyyatı da ciddi risk altına düşüb. Hörmüz boğazı ətrafında
təhlükəsizlik gərginliyi səbəbindən dünya bazarında neft qiymətləri
kəskin artıb.

Aprelin 7-də ABŞ və İran hərbi eskalasiyanın qarşısını almaq və
danışıqlar üçün imkan yaratmaq məqsədilə təxminən iki həftəlik,
müvəqqəti atəşkəs barədə razılığa gəliblər Məlumatlara görə,
razılaşma Pakistanın vasitəçiliyi ilə əldə edilib.