Türkiyə Azərbaycanın ən böyük 2-ci ticarət tərəfdaşına çevrilib

Baş səhifə

Bakı. Trend:

Bu ilin yanvar-fevral aylarında Azərbaycanla Türkiyə arasında
ticarət əməliyyatlarının həcmi 877,1 milyon ABŞ dolları təşkil
edib.

Trend bu
barədə Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir.

Məlumata əsasən, bu, 2025-ci ilin eyni dövründəki göstərici ilə
müqayisədə 127,5 milyon ABŞ dolları və ya 12,7% azdır.

Hesabat dövründə Türkiyə ilə ticarət dövriyyəsi Azərbaycanın
ümumi ticarət dövriyyəsinin 14%-i həcmində olub. Bununla da
sözügedən ölkə hesabat dövrü ərzində Azərbaycanın ən çox ticarət
əməliyyatları apardığı ölkələr sırasında İtaliyadan sonra 2-ci
pillədə qərarlaşıb.

Bu ilin yanvar-fevral aylarında Azərbaycandan Türkiyəyə 532,9
milyon dollarlıq məhsul ixracı qeydə alınıb. Bu, ötən ilin eyni
dövrü ilə müqayisədə 28,1 milyon ABŞ dolları və ya təqribən 7%
azdır. Bununla da hesabat dövründə Türkiyə Azərbaycanın ən çox
məhsul ixrac etdiyi ölkələr sırasında 2-ci pillədə qərarlaşıb.

Dövr ərzində Azərbaycandan Türkiyəyə ixrac əməliyyatlarının 83,4
milyon dollarlıq hissəsini qeyri-neft məhsulları təşkil edib.
Azərbaycanın qeyri-neft məhsullarının ümumi ixracında Türkiyə
14,37% payla 2-ci yerdə qərarlaşıb. Türkiyəyə qeyri-neft
məhsullarının ixracı ötən ilin ilk iki ayındakı göstərici ilə
müqayisədə 644 min ABŞ dolları və ya 0,8% artıb.




Bundan başqa, bu ilin ilk iki ayında Azərbaycandan Türkiyəyə
22,1 milyon ABŞ dolları dəyərində 47,1 min ton bitumlu süxurlardan
alınmış xam neft və xam neft məhsulları ixrac edilib. Bu, ötən ilin
eyni dövrü ilə müqayisədə dəyər baxımından 14,7 milyon ABŞ dolları
və ya 3 dəfə, həcm ifadəsində isə 11,7 min ton və yaxud 1,8 dəfə
çoxdur.

Hesabat dövründə Türkiyədən Azərbaycana isə 344,2 milyon ABŞ
dolları dəyərində ixrac əməliyyatları icra olunub ki, bu da 2025-ci
ilin eyni dövrü ilə müqayisədə 87,1 milyon ABŞ dolları və ya 20,2%
azalma deməkdir.

Qeyd edək ki, bu ilin yanvar-fevral aylarında Azərbaycan xarici
ölkələrlə 6,264 milyard ABŞ dolları dəyərində ticarət əməliyyatı
aparıb. Bu, ötən ilin eyni dövrünə nisbətən 2,640 milyard dollar və
ya 29,6% azdır.

Xarici ticarət dövriyyəsinin 3,665 milyard ABŞ dolları ixracın,
2,599 milyard ABŞ dolları isə idxalın payına düşüb. Son 1 ildə
ixrac 1,101 milyard dollar və ya 23,1%, idxal isə 1,539 milyard
dollar və ya 1,6 dəfə azalıb.

Yekunda xarici ticarətdə 1,066 milyard dollarlıq müsbət saldo
yaranıb ki, bu da illik müqayisədə 438 milyon dollar və ya 1,7 dəfə
çoxdur.