
Bakı. Trend:
Parçalanmış və ziddiyyətlərlə dolu dünyada səhiyyə ölkələrin
birləşə biləcəyi və birləşməli olduğu azsaylı sahələrdən
biridir.
Trend xəbər verir
ki, bunu bu gün Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) baş direktoru
Tedros Adhanom Qebreyesus “Keçid dövründə olan dünyada fikir
ayrılıqlarının aradan qaldırılması” mövzusunda keçirilən XIII
Qlobal Bakı Forumunun açılış mərasimində deyib.
“Parçalanmış və ixtilaflarla dolu dünyada səhiyyə ölkələrin
ideoloji fərqlərinə baxmayaraq ümumi təhdidlərə qarşı birgə həll
yolları tapılması üçün birləşə biləcəyi və birləşməli olduğu
azsaylı sahələrdən biridir ki. Məhz buna görə Ümumdünya Səhiyyə
Təşkilatı təxminən 78 il əvvəl yaradılıb və üzv dövlətlərimiz onun
himayəsi altında fəaliyyətlərini davam etdirirlər. Ötən il onlar
ÜST-ün pandemiyalar üzrə sazişini qəbul etdilər. Bu saziş
ratifikasiya olunduqdan sonra dünyanı gələcək pandemiyalardan
qorumaq üçün beynəlxalq hüququn əlamətdar alətinə çevriləcək”, –
deyə o bildirib.
Onun sözlərinə görə, səhiyyə təhlükəsizlik, inkişaf, ədalət və
etimadın kəsişmə nöqtəsində yerləşərək parçalanmaların aradan
qaldırılması üçün mühüm imkan yaradır. Bu sahə sərhədlərdən,
ideologiyalardan, iqtisadi sistemlərdən, etnik mənsubiyyətdən,
dinlərdən və digər fərqlərdən kənara çıxır.


