Azərbaycanın İsrail və ABŞ ilə iqtisadi əməkdaşlığının mövcud vəziyyəti müzakirə olundu (FOTO)

Baş səhifə

Bakı. Trend:

İqtisadiyyat nazirinin birinci müavini Elnur Əliyev ABŞ-nin Əsas
Amerika Yəhudi Təşkilatlarının Prezidentləri Konfransının sədri
Betsi Berns Kornun rəhbərlik etdiyi nümayəndə heyəti ilə
görüşüb.

Trend bu barədə
İqtisadiyyat Nazirliyinə istinadən xəbər verir.

Görüşdə Azərbaycanın iqtisadi göstəriciləri, biznes və
investisiya potensialı, ölkənin təşəbbüsçüsü və iştirakçısı olduğu
enerji və nəqliyyat marşrutları haqqında məlumat verilib.

Bildirilib ki, strateji coğrafi mövqeyini real imkanlara çevirən
Azərbaycan iqtisadi zonalar, vergi güzəştləri və müasirləşdirilmiş
gömrük sistemi ilə biznes üçün əlverişli mühit təqdim edir.
Prioritet investisiya istiqamətlərinə bərpa olunan enerji,
rəqəmsallaşma, innovasiyalar və yaşıl texnologiyalar,
nəqliyyat-tranzit, logistika, yüksək əlavə dəyər yaradan istehsal
sahələri daxildir.




Qeyd olunub ki, Azərbaycan regionun enerji təhlükəsizliyinin
təmin olunmasında etibarlı tərəfdaş kimi çıxış edir. Azərbaycanın
şaxələndirilmiş neft və qaz kəmərləri sistemi vasitəsilə Xəzər
regionunu beynəlxalq bazarlarla birləşdirən strateji rolu regional
bağlantıların gücləndirilməsi üçün geniş imkanlar açır.

Məlumat verilib ki, Azərbaycan müasir nəqliyyat infrastrukturuna
qoyulan iri həcmli investisiyalar sayəsində Avrasiya məkanında
mühüm nəqliyyat-logistika qovşağına çevrilib. Bakı-Tbilisi-Qars
dəmir yolu, Bakı Beynəlxalq Dəniz Ticarət Limanı, Bakı Gəmiqayırma
Zavodu, müasir logistika və hava yük terminalları, doqquz
beynəlxalq hava limanı və yenilənmiş avtomobil yolları şəbəkəsi
ölkənin regional və qlobal təchizat zəncirlərində rolunu daha da
gücləndirir.

Görüş zamanı Azərbaycanın İsrail və ABŞ ilə iqtisadi
əməkdaşlığının mövcud vəziyyəti haqqında məlumat verilib. Bu
ölkələrlə tərəfdaşlığın möhkəmləndirilməsi nəzərdən keçirilib.