Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva və Alena Əliyeva Gəncədə STEAM mərkəzində və 37 nömrəli tam orta məktəbdə olublar

Baş səhifə

Bakı. Trend:

Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva və Alena
Əliyeva Gəncə şəhər Fizika, riyaziyyat və informatika təmayüllü
liseydə fəaliyyət göstərən STEAM mərkəzində və Gəncə şəhər 37
nömrəli tam orta məktəbdə olublar.

Trend xəbər verir ki,
mərkəzlə tanışlıq zamanı Birinci vitse-prezident Mehriban
Əliyevanın təşəbbüsü ilə Azərbaycan məktəblərində STEAM (Science,
Technology, Engineering, Art, Mathematics) layihəsinin geniş
icrasına başlanıldığı barədə məlumat verilib.

Bildirilib ki, STEAM mərkəzi liseyin tərkibində 2021-ci ildən
etibarən fəaliyyət göstərir. Mərkəz bütün yaş qruplarının
istifadəsi üçün nəzərdə tutulub. Burada “Robotics”, “Art”,
“Science”, “STEAM Kids”, CNC və 3D çap, mexatronika, dron
istiqamətləri üzrə sahələr fəaliyyət göstərir.

Diqqətə çatdırılıb ki, Mərkəzdə yaradılmış imkanlardan sözügedən
məktəblə yanaşı, regionun digər məktəblərinin şagird və müəllimləri
də istifadə edir. Hər tədris ili 1000-dən çox şagird Mərkəzdə
müxtəlif modullar üzrə təlimlərdə iştirak edir.

Qeyd edək ki, 2019-cu ildən tətbiqinə başlanılan STEAM
layihəsinin əsas məqsədi təhsilalanlara tənqidi, yaradıcı düşünmə,
əməkdaşlıq etmə və digər bacarıqları formalaşdırmaq, yaradıcı
proses vasitəsilə öyrənmə imkanı yaratmaq, fənləri ayrılıqda
öyrətmək deyil, onları real dünyadakı tətbiqlərə əsaslanan vahid
öyrənmə modelində birləşdirməkdir.

Daha sonra Leyla Əliyeva və Alena Əliyeva Heydər Əliyev Fondu
tərəfindən əsaslı təmir edilmiş Gəncə şəhər 37 nömrəli tam orta
məktəbdə yaradılmış şəraitlə tanış olublar.




Bildirilib ki, 1969-cu ildə inşa olunmuş Gəncə şəhəri, Kəpəz
rayonu 37 nömrəli orta məktəbin binası ötən müddət ərzində
köhnəldiyindən istifadəyə yararsız vəziyyətə düşüb. 2024-cü ilin
noyabrından Heydər Əliyev Fondu tərəfindən 724 şagirdlik məktəbin
əsaslı təmir işlərinə başlanılıb.

Təhsil ocağı 3 mərtəbəli 1 korpusdan və 2 mərtəbəli 3 korpusdan
ibarətdir. Məktəb zəruri mebel və avadanlıqlarla, fənn kabinetləri
və laboratoriyalar əyani vəsaitlərlə tam təchiz edilib.

Məktəb binasında sinif otaqları, fizika, kimya, biologiya
laboratoriyaları, informatika, hərbi təlim, tibb, musiqi otaqları,
kitabxana, yeməkxana, akt və idman zalları, həmçinin açıq idman
meydançası var.

Təhsil müəssisəsinin həyətyanı ərazisində abadlıq və
yaşıllaşdırma işləri aparılıb, əraziyə asfalt örtüyü döşənib,
dekorativ kol və ağaclar əkilib.

Ziyarət zamanı müxtəlif yaş qruplarına aid 50 uşağa velosiped,
eləcə də təhlükəsizlik ləvazimatı hədiyyə edilib. Azərbaycan
Velosiped İdmanı Federasiyasının dəstəyi ilə keçirilən sosial
aksiyanın əsas məqsədi regionlarda yaşayan uşaqların asudə
vaxtlarını daha səmərəli şəkildə keçirmələrinə şərait yaratmaq,
onların idmana və sağlam həyat tərzinə marağını artırmaq,
məktəbliləri fiziki fəallığa həvəsləndirmək, habelə ekoloji
nəqliyyat vasitəsi kimi velosiped istifadəsini təşviq etməkdir.