Çinli alimlər tokamakda plazmanı sabit saxlamağın yeni üsulunu tətbiq edib

Baş səhifə

Bakı. Trend:

Çinli fiziklər ilk dəfə EAST (“Experimental Advanced
Superconducting Tokamak”) tokamakında plazmanı qızdırmaq üçün yeni
yanaşmanı həyata keçiriblər. Bu üsul plazmanı hətta elektronların
çox yüksək sıxlığı zamanı belə sabit formada saxlamağa imkan
verib.

Trend xəbər verir
ki, tədqiqatın nəticələri “Science Advances” jurnalında dərc
olunub.

Alimlərin bildirdiyinə görə, bu yenilik plazmanın özünü
dəstəkləyən və sabit termonüvə reaksiyalarını işə salmaq üçün lazım
olan sıxlığa çatmasına imkan yaradır.




“Biz tokamaklarda plazma sıxlığını artırmaq üçün əsas
maneələrdən biri olan həddi aşdıq. Başqa sözlə, plazma yanmasını
dəstəkləyəcək yeni nəsil tokamakların və digər termonüvə
qurğularının yaradılması üçün yol açdıq,” – Çin, Huacjun Elm və
Texnologiya Universitetinin professoru Çju Pin bildirib.

Tokamaklar yüz milyonlarla dərəcə Selsiyə qədər qızdırılmış
plazmanı nazik sap şəklində formalaşdıraraq saxlayan termonüvə
reaktorlarıdır. Plazmanın yüksək sıxlığa malik olması reaktorların
gücünü artırır və səmərəliliyini yüksəldir, çünki bu, hissəciklər
arasında reaksiyaların ehtimalını artırır.

Gələcəkdə bu təşəbbüs termonüvə reaksiyalarından enerji hasil
edə bilən reaktorların yaradılmasına imkan verəcək.