Azərbaycanın aqrar potensialı dünya bazarlarında

Baş səhifə
Azərbaycanın aqrar potensialı dünya bazarlarında

Azərbaycanın iqtisadi inkişaf strategiyası çərçivəsində həyata keçirilən təşəbbüslər nəticəsində bir çox sahələr kimi kənd təsərrüfatı sektoru da sürətlə inkişaf edir. Qeyri-neft ixracının təşviqində mühüm rol oynayan İxracın və İnvestisiyaların Təşviqi Agentliyi – AZPROMO öz növbəsində yerli istehsalçıların beynəlxalq bazarlara çıxışını dəstəkləyərək “Made in Azerbaijan” brendinin tanıdılmasına töhfə verir.

Bu siyasətin uğurlu nümunələrindən biri də innovativ yanaşması və ixrac uğurları ilə ölkənin aqrar sektorunda fərqlənən “MAN-AGRO” MMC-dir. 2015-ci ildə fəaliyyətə başlayan “MAN-AGRO” hazırda Azərbaycanın intensiv bağçılıq sahəsində ən uğurlu şirkətlərindən biri kimi tanınır. Şirkətin uğur yolu innovativ yanaşma və beynəlxalq təcrübənin ölkə şəraitinə uyğunlaşdırılması üzərində qurulub. Fəaliyyətə başladığı dövrdə intensiv bağçılığın Azərbaycanda yeni bir sahə olmasına baxmayaraq, “MAN-AGRO” bu istiqamətdə fransız üsulunu tətbiq edərək, ölkəmizdə alma bağlarının salınmasında nümunəvi rol oynayıb. Hər bir meyvə bağının salınması, sort seçimi, əkilmə və becərilmə üsullarının müəyyənləşdirilməsi mərhələsində şirkət elmi əsaslara, torpaq-iqlim xüsusiyyətlərinə və keyfiyyət standartlarına əsaslanaraq qərarlar qəbul edib. Bu da qısa müddətdə yüksək məhsuldarlığa və bazarda tanınan brendə çevrilməsinə şərait yaradıb.

Hazırda şirkətin meyvə bağlarının ümumi sahəsi 400 hektarı ötür. Qusar rayonunun kəndlərində yerləşən təsərrüfatlarda müxtəlif növ tumlu və çəyirdəkli meyvələr yetişdirilir. Xaçmaz rayonundakı soyuducu anbar kompleksində isə meyvələrin müasir texnologiya ilə çeşidlənməsi, kalibrlənməsi və qablaşdırılması həyata keçirilir. Burada yerləşən 7 min ton tutumlu soyuducu anbar məhsulların uzunmüddətli saxlanmasını təmin edir.

Şirkət təkcə yerli bazarla kifayətlənməyərək, məhsullarını Rusiya, Belarus, Birləşmiş Ərəb Əmirlikləri, Qətər, Maldiv adaları və Türkiyəyə ixrac edir. 2024-cü il üzrə ixrac göstəricisi 2,71 milyon ABŞ dolları təşkil edən şirkət, cari ilin sonuna qədər ixrac həcminin 3 milyon dollara çatacağını proqnozlaşdırır.

Hazırda “MAN-AGRO” ixrac coğrafiyasını genişləndirərək Körfəz ölkələri bazarına daxil olmağı da hədəfləyir. Şirkət AZPROMO-nun dəstəyi ilə 2024-cü və 2025-ci illərdə beynəlxalq sərgilərdə iştirak edib və qlobal bazarda yeni tərəfdaşlıqların formalaşması üçün zəmin yaradıb.

İntensiv bağçılıqda müasir texnologiyaları tətbiq edərək “MAN-AGRO” təkcə məhsul istehsalçısı deyil, həm də Azərbaycanın aqrar potensialını dünyaya tanıdan bir uğur nümunəsidir. Şirkətin fəaliyyəti düzgün planlaşdırma, elmi yanaşma və beynəlxalq əməkdaşlıq sayəsində kənd təsərrüfatının qısa zamanda ölkəmizdə iqtisadiyyatın aparıcı sahələrindən birinə çevrilə biləcəyini sübut edir.