Yediyimiz qidalar sidik yollarının infeksiyalarına təsir edirmi?

Baş səhifə
qadın sidik

Şəklin mənbəyi, Getty

    • Müəllif, BBC Food
    • Vəzifə,

Alimlər qadınların yarısının həyatında ən azı bir dəfə sidik yolları infeksiyası olduğunu, onların 20-30 faizində isə təkrarlanan infeksiyaların olduğunu deyirlər.

Sidik yollarının infeksiyaları (SYİ) kişilərə də təsir edir, lakin daha az dərəcədə: Xəstəliklərin təxminən 20 faizinə kişilərdə rast gəlinir.

Beləliklə, istehlak etdiyimiz qidalar sidik yolları infeksiyasına tutulma şansımıza təsir edirmi?

Sidik yollarının infeksiyaları, adətən, bakteriyalardan qaynaqlanır, ona görə də yediklərimiz birbaşa xəstəliyə səbəb ola bilməz, London Bridge Xəstəxanasının ginekoloqu Sushma Srikrishna deyir.

Ancaq sağalma müddətini artırmaq və ya azaltmaq və xəstəlik riskinə gəldikdə, hər şey dəyişir.

Sushma Srikrishna deyir: “Bəzi qidalar və içkilər sidik kisəsini qıcıqlandıra, sidik yolları infeksiyalarının simptomlarını pisləşdirə və ya infeksiya riskini artıra bilər” .

“Mən sidik yollarının infeksiyalarına meyilli olan insanlara kofein, spirt, qazlı içkilər, süni dadlandırıcılar və çox acı qidalardan uzaq durmağı məsləhət görürəm, çünki bunlar sidik kisəsinin nazik təbəqəsinə mənfi təsir göstərə bilər”, – qadın sağlamlığı üzrə dietoloq və Britaniya Pəhriz Assosiasiyasının sözçüsü Dr. Linia Patel deyir.

Sidik yolları infeksiyasının əlamətləri hansılardır?

SYİ-ları, adətən, sidik yollarına daxil olan bakteriyalardan qaynaqlanır.

İlk simptom, adətən, idrar zamanı kəskin və ya yandırıcı ağrıdır.

Mütəxəssislər qeyd edirlər ki, xəstələr tez-tez sidiyə getməyə ehtiyac hiss edirlər; sidikdə qan, bulanıqlıq və ya fərqli bir qoxu ola bilər.

Sidik kisəsinin iltihabına səbəb olan sistitə E.coli bakteriyası səbəb ola bilər.

Şəklin mənbəyi, KATERYNA KON/SCIENCE PHOTO LIBRARY/GETTY

Şəklin alt yazısı, Sidik kisəsinin iltihabına səbəb olan sistitə E.coli bakteriyası səbəb ola bilər.

O, həmçinin bel ağrısı, yüksək atəş və ya aşağı bədən istiliyinə (36 dərəcədən aşağı) səbəb ola bilər.

Simptomların şiddəti insandan insana fərqli olsa da, hər kəs bütün simptomları yaşaya bilməz.

Sidik yollarının infeksiyası üçün nə yaxşıdır?

Doktor Patel deyir: “Daha çox su içmək infeksiyaların qarşısını almağın ən sadə və təsirli yollarından biridir:

“Beləliklə, bakteriyalar sidik yollarından daha tez-tez yuyulur və problem yarada biləcək qədər çoxalmaya bilər”.

Tədqiqatlar göstərir ki, istehlak edilən mayenin miqdarını gündə bir litrdən çox artırmaq qadınlarda təkrar infeksiya riskini əhəmiyyətli dərəcədə azalda bilər.

Sushma Srikrishna qeyd edir ki, antioksidant və iltihab əleyhinə qidalar ümumilikdə sidik yollarının sağlamlığını yaxşılaşdıra bilər:

“Bunlara çiyələk, moruq, böyürtkən kimi giləmeyvə və xüsusilə qaragilə, yaşıl xiyar yarpaqları və yüksək miqdarda C vitamini olan brokoli və bolqar bibəri kimi qidalar daxildir”.

Doktor Patel əlavə edir ki, C vitamini sidiyi daha turşu edir, bakteriyaların çoxalmasının qarşısını alır və immunitet sistemini gücləndirir.

C vitamini əlavələrinin qəbulu asan qısa yol kimi görünsə də, onu qidalardan almaq daha təsirli hesab olunur.

meyvələr giləmeyvə

Şəklin mənbəyi, SEAN GLADWELL/Getty

Şəklin alt yazısı, Bu meyvələr faydalı ola bilər, ancaq infeksiyanı təkbaşına müalicə edə bilməz.

Çünki bol miqdarda C vitamini olan kivi, sitrus meyvələri və tərəvəzlərdə vitamin tabletlərində olmayan bol lif və antioksidanlar da var.

Ümumiyyətlə, balanslaşdırılmış pəhriz infeksiyalara qarşı da təsirlidir, çünki immunitet sistemini gücləndirir.

Sidik yollarının infeksiyasını necə müalicə etmək olar?

Srikrishna deyir ki, “Bəzi qidalar antimikrobiyal xüsusiyyətlərə malik olsa da, heç biri düzgün antibiotik terapiyanı əvəz edə bilməz”.

“Sarımsaq, zəncəfil və bal kimi qidaların antimikrobiyal təsiri ilə bağlı araşdırmalar aparılıb, lakin onların SYİ-na qarşı effektivliyi məhdud görünür”.

Xəstə olanda C vitamini almaq üçün turşu meyvələr yemək sadə bir həll kimi görünsə də, Srikrishna vəziyyətin daha mürəkkəb olduğunu əlavə edir:

“Bəziləri turşulu qidaların bakteriyalar üçün düşmən mühit yaratdığını hiss edərkən, digərləri isə turşulu qidaların onsuz da iltihablanmış sidik kisəsini daha da qıcıqlandıracağını düşünür”.

Digər tərəfdən, su içmək və sidik kisəsini qıcıqlandıran qidalardan yayınmaqla antibiotik müalicəsi almaq sağalma müddətini və simptomların şiddətini azalda bilər.

“Əsas odur ki, bədəninizə qulaq asın və simptomlarınızı pisləşdirən şeylərdən qaçın”.

Srikrishna, SYI-na səbəb olan bəzi bakteriyalara qarşı peyvəndlərin və hətta vaginal lazerlər kimi yeni müalicə üsullarının olduğunu izah edir və xəstələrə sidik yolları infeksiyalarına kömək edə biləcək hər hansı anatomik, hormonal və ya həyat tərzi faktorlarını aradan qaldırmaq üçün mütləq mütəxəssislərə müraciət etməyi tövsiyə edir.

Zoğal suyu “sehirli çubuq” deyil

London Universitet Kollecinin uroloqu və yoluxucu xəstəliklər üzrə mütəxəssisi Prof. Cennifer Rohn deyir: “Zülalların yəqin ki, bəzi anti-SYİ xüsusiyyətləri var”.

O əlavə edir ki, bu mövzuda yeni bir araşdırma zoğal suyunun müalicə dəstəyi olaraq istifadə edilə biləcəyini göstərir.

Digər tərəfdən o, şirinləşdirilmiş zoğallı içkilərdən qaçmaq lazım olduğunu vurğulayır:

“Şəkər SYİ-ları pisləşdirə bilər, çünki bakteriyalar sidikdə şəkərlə qidalanır. Doğru seçim şəkərsiz zoğal suyu və ya zoğal ekstraktı olardı”.

Digər tərəfdən, bunun tək başına kifayət etməyəcəyini də xatırladır:

“Zoğal şirəsinin kömək etdiyinə dair yaxşı sübutlar olsa da, zoğal şirəsi içən insanlar da bu infeksiyaya yoluxurlar. Ona görə də yəqin ki, onun məhdud profilaktik dəyəri var. Bu, sehirli çubuq deyil”.

O deyir ki, probiotiklərin SYİ-na təsiri yeni araşdırılmış və maraqlı bir sahədir:

“Probiyotiklərin SYİ-ların tezliyini azalda biləcəyinə dair ümidverici dəlillər var. Lakin bu sahədə tədqiqatları müqayisə etmək çətindir, çünki hər kəs fərqli antibiotiklər və fərqli probiyotiklərdən istifadə edir və fərqli müalicə üsulları var.

Dr. Patel probiyotiklərin qadınlar üçün xüsusilə faydalı ola biləcəyini izah edir:

“Vaginal mikrobionuz sidik yollarının qapıçısıdır. Sağlam bakteriyalar, xüsusilə də Lavatobacillus növləri pis bakteriyaların sidik yollarında yerləşməsinin qarşını ala bilir”.