Yasamalda çoxmərtəbəli yaşayış binasındakı yanğın bağlı cinayət işi başlanıb – Baş Prokurorluq

Baş səhifə

Bakı. Trend:

Bakı şəhəri, Yasamal rayonu, Mirəli Seyidov küçəsində yerləşən
çoxmərtəbəli yaşayış binasında baş verən yanğınla əlaqədər Baş
Prokurorluğun Kriminalistika və informasiya texnologiyaları
idarəsinin əməkdaşları tərəfindən aidiyyəti dövlət qurumları, o
cümlədən Fövqəladə Hallar Nazirliyinin əməkdaşları ilə birgə hadisə
yeri müayinə olunur və digər zəruri prosessual hərəkətlər icra
edilir.

Baş Prokurorluğun Mətbuat xidmətindən Trend-in sorğusuna cavab olaraq bildirilib ki,
yanğının baş vermə səbəbinin müəyyən olunması məqsədilə müvafiq
istintaq hərəkətləri keçirilməklə ekspertizalar təyin olunub.




Bildirilib ki, hadisə nəticəsində əmələ gələn tüstüdən 3 nəfər
boğularaq ölüb, azı 20 nəfər isə zəhərlənib.

“Zəhərlənmiş şəxslər hospitalizasiya olunub, hazırda
vəziyyətləri qənaətbəxşdir və onlara zəruri tibbi xidmətlərin
göstərilməsi davam etdirilir. Faktla bağlı Baş Prokurorluqda
Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə
cinayət işi başlanaraq ibtidai istintaq aparılır. Nəticəsi barədə
ictimaiyyətə əlavə məlumat veriləcəkdir”, – deyə qeyd olunub.