
Bakı. Trend:
Milli Məclisin sədri Sahibə Qafarova Serbiya Respublikasına
işgüzar səfəri çərçivəsində Əlcəzair Xalq Demokratik Respublikası
Milli Xalq Assambleyasının sədri Xalida Bufedeç ilə görüşüb.
Bu barədə Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr
şöbəsindən məlumat verilib.
Milli Məclisin sədri Sahibə Qafarova həmkarını bu vəzifəyə
seçilməsi münasibətilə təbrik edib, ona gələcək fəaliyyətində
uğurlar arzulayıb.
Görüşdə iki dost ölkə arasında münasibətlərin perspektivləri
barədə fikir mübadiləsi aparılıb. Bildirilib ki, Azərbaycan və
Əlcəzair arasında əlaqələri bundan sonra da inkişaf etdirmək üçün
yaxşı imkanlar var. Söhbətdə ölkələrimizin beynəlxalq təşkilatlar
çərçivəsində də uğurlu əməkdaşlığından məmnunluq ifadə olunub.
Fikir mübadiləsi zamanı parlamentlərimiz arasında əlaqələrin
əhəmiyyəti qeyd edilərək, həm parlament sədrləri səviyyəsində, həm
də deputatlar arasında qarşılıqlı səfərlərin və görüşlərin
münasibətlərimizin daha da genişlənməsinə xidmət etdiyi diqqətə
çatdırılıb. Söhbət zamanı parlament dostluq qruplarının
fəaliyyətinin də bu əlaqələrin dərinləşdirilməsində mühüm rol
oynadığı vurğulanıb.
Spiker Sahibə Qafarova parlamentlərimizin beynəlxalq parlament
təşkilatlarında uğurlu əməkdaşlığından məmnunluğunu bildirib. Milli
Məclisin sədri Azərbaycan Prezidentinin təşəbbüsü ilə yaradılmış və
Milli Məclisin sədrliyi ilə institusional inkişaf və beynəlxalq
nüfuzunun möhkəmləndirilməsi istiqamətində mühüm uğurlar əldə etmiş
Qoşulmama Hərəkatının Parlament Şəbəkəsi barədə də fikirlərini
bölüşüb.
Görüşdə qarşılıqlı maraq doğuran digər məsələlər barədə də fikir
mübadiləsi aparılıb.

