
Bakı. Trend:
Milli Məclisin sədri Sahibə Qafarova Serbiya Respublikasına
işgüzar səfəri çərçivəsində Qana Respublikasının Prezidenti Con
Dramani Mahama ilə görüşüb.
Bu barədə Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr
şöbəsindən məlumat verilib.
Görüşdə Azərbaycan ilə Qana arasında əlaqələrin mövcud vəziyyəti
müzakirə edilib, münasibətlərimizin inkişaf perspektivləri barədə
fikir mübadiləsi aparılıb.
Spiker Sahibə Qafarova bildirib ki, Azərbaycan Qana ilə
əlaqələrin inkişafında maraqlıdır və ölkələrimiz arasında
münasibətlərin müxtəlif istiqamətlərdə genişləndirilməsi üçün
imkanlar mövcuddur.
Söhbət zamanı Azərbaycan ilə Qana arasında diplomatik
münasibətlərin qurulmasına və beynəlxalq əməkdaşlığa toxunulub.
Ölkələrimizin Birləşmiş Millətlər Təşkilatı, Qoşulmama Hərəkatı və
digər beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlıqdan və birgə
fəaliyyətdən məmnunluq ifadə olunub. Bu baxımdan, beynəlxalq
platformalarda qarşılıqlı dəstəyin və əməkdaşlığın daha da
gücləndirilməsinin əhəmiyyəti vurğulanıb.
Milli Məclisin sədri Azərbaycanın Qoşulmama Hərəkatına 4 illik
sədrliyi dövründə həyata keçirdiyi fəaliyyət, ölkəmizin irəli
sürdüyü təşəbbüslər və əldə olunmuş mühüm nailiyyətlər barədə
fikirlərini bölüşüb. Prezident İlham Əliyevin təşəbbüsü ilə
yaradılmış Qoşulmama Hərəkatının Parlament Şəbəkəsinin
fəaliyyətindən danışan Sahibə Qafarova bu platformanın üzv
dövlətlərin parlamentləri arasında əlaqələrin inkişafında və
qarşılıqlı təcrübə mübadiləsində mühüm rol oynadığını qeyd edib.
Qana ilə də bu çərçivədə əməkdaşlığın genişləndirilməsinin
əhəmiyyətli olduğu bildirilib.
Görüşdə parlamentlərarası əlaqələrin inkişafı məsələsinə xüsusi
diqqət yetirilib. Qeyd olunub ki, Azərbaycan və Qana parlamentləri
arasında indiyədək qarşılıqlı səfərlərin həyata keçirilməməsi bu
istiqamətdə əlaqələrin inkişaf etdirilməsi üçün geniş imkanların
olduğunu göstərir. Qarşılıqlı səfərlərin təşkili, parlament
nümayəndə heyətləri arasında təmasların artırılması və
qanunvericilik sahəsində təcrübə mübadiləsinin aparılması ilə bağlı
fikir mübadiləsi aparılıb.
Söhbət zamanı iqtisadi əlaqələrin genişləndirilməsi məsələsinə
də toxunulub. Bildirilib ki, mövcud ticarət dövriyyəsi iki ölkənin
iqtisadi potensialını tam əks etdirmir. Ticarət və investisiya
əlaqələrinin genişləndirilməsi, energetika, kənd təsərrüfatı və
digər qarşılıqlı maraq doğuran sahələrdə əməkdaşlığın inkişaf
etdirilməsi üçün imkanların araşdırılmasının vacibliyi vurğulanıb.
Energetika sahəsində əməkdaşlığa dair Niyyət Protokolu layihəsinin
münasibətlərin bu istiqamətdə inkişafına töhfə verə biləcəyi qeyd
olunub.
Qana Respublikasının Prezidenti Con Dramani Mahama bildirib ki,
ölkəsi Azərbaycan ilə münasibətlərin inkişafına böyük əhəmiyyət
verir. O, parlamentlərarası əlaqələrin genişləndirilməsinin,
qarşılıqlı səfərlərin və müxtəlif sahələrdə əməkdaşlığın
artırılmasının ikitərəfli münasibətlərin daha da
möhkəmləndirilməsinə xidmət edəcəyini qeyd edib.
Fikir mübadiləsi zamanı təhsil və humanitar sahələrdə
əməkdaşlığın mövcud vəziyyətinə də toxunulub. Qanalı tələbələrin
Azərbaycanın təqaüd proqramlarından yararlanması, habelə qanalı
diplomatların ADA Universitetində keçirilən təlim və kurslarda
iştirakı iki ölkə arasında humanitar əlaqələrin müsbət nümunələri
kimi qeyd edilib. Bu sahələrdə əməkdaşlığın daha da
genişləndirilməsi imkanları nəzərdən keçirilib.
Söhbət zamanı qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında
da fikir mübadiləsi aparılıb.

