
Bakı. Trend:
Əfsanəvi tenor Plasido Dominqonun Bakı konsertinin proqramı
açıqlanıb. Noyabrın 14-də Heydər Əliyev Mərkəzində keçiriləcək
konsertdə Plasido Dominqo (Placido Domingo, bariton) ilə
yanaşı onun oğlu Plasido Dominqo Jr. (Placido Domingo Jr),
Xalq artisti Yusif Eyvazov (tenor), Əməkdar artist Afaq
Abbasova (soprano), İsveçrəli opera ifaçısı Daria Rıbak
(Daria Rybak, soprano) çıxış edəcək.
Trend xəbər verir ki, səhnədə
Üzeyir Hacıbəyli adına Dövlət Simfonik Orkestrini tanınmış
italiyalı dirijor Francesko İvan Çampa (Francesco Ivan
Ciampa) idarə edəcək.
Gecədə C.Puççi, C.Verdi, P.Maskani kimi dünya klassiklərinin
bəstələri səslənəcək. Plasido Dominqonun Azərbaycan tamaşaçılarına
bu dəfə də sürprizi var. Əfsanəvi müğənni Dominqo və gecənin digər
ifaçıları Azərbaycanın məşhur xalq mahnılarından birini birlikdə
ifa edəcəklər.
Plasido Dominqo ilk dəfə deyil ki, Azərbaycan bəstəkarlarına
müraciət edir. Xatırladaq ki, dahi müğənni 2010-cu ildə Ümummilli
Lider Heydər Əliyevin anadan olmasının 87-ci ildönümü münasibətilə
keçirilən təntənəli mərasimdə Tofiq Quliyevin “Sənə də qalmaz”
mahnısını ifa etmişdi.
14 noyabr konsertinin son bilerlərini iTicket.az saytından və
satış məntəqələrindən əldə etmək olar.

