Azərbaycanın dəstəyi ilə Keniyada Gənclərin Liderlik və İnnovasiya Mərkəzi fəaliyyətə başlayıb (FOTO)

Baş səhifə

Bakı. Trend:

Azərbaycanın dəstəyi ilə Keniyada Gənclərin Liderlik və
İnnovasiya Mərkəzi fəaliyyətə başlayıb.

Azərbaycanın Keniyadakı Səfirliyindən Trend-ə bildirilib ki, Xarici İşlər
Nazirliyinin nəzdində fəaliyyət göstərən Azərbaycan Respublikasının
Beynəlxalq İnkişafa Yardım Agentliyinin (AİDA) dəstəyi ilə
Keniyanın paytaxtı Nayrobi şəhərində Gənclərin Liderlik və
İnnovasiya Mərkəzi fəaliyyətə başlayıb.

Mərkəz gənclərin bacarıqlarının və cəmiyyətdə rolunun
artırılması, liderlik qabiliyyətlərinin inkişaf etdirilməsi, eləcə
də uğurlu karyera qurmaları üçün səyləri dəstəkləmək məqsədini
daşıyır.

“Beynəlxalq Gənclər Şəbəkəsi” ictimai birliyi və Keniya Xüsusi
Təlim-Tədris İnstitutunun təşkilatçılığı ilə noyabrın 1-də baş
tutmuş mərkəzin açılış mərasimində layihənin təşəbbüskarı,
“Beynəlxalq Gənclər Şəbəkəsi” ictimai birliyinin təsisçi
himayədarı, Keniya Prezidentinin qızı Şarlin Ruto, AİDA-nın
direktoru Elməddin Mehdiyev, Azərbaycanın Keniyadakı səfiri Sultan
Hacıyev, habelə ictimai xadimlər və gənclər iştirak edib.

Ş. Ruto bir neçə dəfə səfərdə olduğu Azərbaycanın inkişafı,
milli-mənəvi dəyərləri, inkişaf etməkdə olan ölkələrə dəstəyi
barədə söz açıb. Ölkəmizin qazandığı nailiyyətlərin hər bir xalq və
dövlət üçün ilham mənbəyi olduğunu dilə gətirib. Gənclərin Liderlik
və İnnovasiya Mərkəzinin yaradılmasına Azərbaycan Hökumətinin
göstərdiyi dəstəyə görə minnətdarlığını ifadə edib. O, bu tərz
layihələrin, eləcə də “Heydər Əliyev adına Beynəlxalq Təhsil
Qrantı” proqramı çərçivəsində keniyalı gənclərə verilən təqaüdlərin
xalqlarımız arasında dostluq və tərəfdaşlıq bağlarının güclənməsinə
mühüm töhfə olduğunu diqqətə çatdırıb.

E. Mehdiyev Azərbaycanın bu layihəyə dəstəyinin, habelə təhsil
təqaüdləri və Keniyada həyata keçirilmiş digər humanitar və
inkişafa yardım məqsədli layihələrin Azərbaycan və Keniya arasında
inkişaf edən münasibətlərin tərkib hissəsi olduğunu bildirib.

Səfir S. Hacıyev Azərbaycan Respublikasının Prezidenti cənab
İlham Əliyev və Keniya Respublikasının Prezidenti cənab Uilyam
Samoei Ruto arasında cari ilin sentyabrın 23-də BMT Baş
Assembleyası çərçivəsində keçirilən görüşün siyasi əhəmiyyətini
vurğulayıb. O, AİDA xətti ilə reallaşan layihələrlə yanaşı Heydər
Əliyev Fondunun “Afrika ölkələrində təhsil və mədəniyyətin
inkişafı” layihəsi çərçivəsində Nayrobi tam orta məktəbinə və
ölkənin bir neçə xəstəxanasının yeni doğulan uşaqlar bölməsinə
texniki təchizat yardımı göstərildiyini qeyd edib.

Səfər çərçivəsində Azərbaycan nümayəndə heyəti bir sıra
ikitərəfli görüşlər keçirib, müxtəlif istiqamətlər üzrə, o cümlədən
humanitar sahədə gələcək əməkdaşlıq imkanları müzakirə olunub.