Azərbaycanın Səhiyyə Nazirliyində TİKA-nın rəhbərliyi ilə görüş keçirilib (FOTO)

Baş səhifə

Bakı. Trend:

Səhiyyə Nazirliyində Türk Əməkdaşlıq və Koordinasiya
Agentliyinin (TİKA) sədri Abdullah Erenin rəhbərlik etdiyi
nümayəndə heyətinin Azərbaycana işgüzar səfəri çərçivəsində görüş
keçirilib.

Trend xəbər
verir ki, bu barədə Səhiyyə Nazirliyi məlumat yayıb.

Bildirilib ki, görüş zamanı iki qardaş dövlət arasında
çoxtərəfli əməkdaşlıq münasibətlərinin uğurlu inkişafı, habelə
səhiyyə sahəsində əməkdaşlıq və birgə layihələrin reallaşması
ətrafında səmərəli fikir mübadiləsi aparılıb.

Qonaqları salamlayan səhiyyə naziri Teymur Musayev vurğulayıb
ki, Azərbaycan-Türkiyə əməkdaşlığı bütün sahələrdə olduğu kimi,
səhiyyə və tibb elmi sahəsinndə də nümunəvidir. Nazirin sözlərinə
görə, Azərbaycanda tibbin bütün sahələri üzrə peşəkar kadrların
yetişdirilməsində qardaş ölkənin tibbi mərkəzlərində çalışan
mütəxəssislərin müstəsna xidmətləri var.




Diqqətə çatdırılıb ki, 44 günlük Vətən müharibəsi
iştirakçılarının postmüharibə dövründə psixoloji pozuntularının
aradan qaldırılması, xəsarət almış şəxslərin cəmiyyətə yenidən
inteqrasiyası, onların sosial reabilitasiyası məsələləri daim
dövlətimizin diqqətindədir. Belə ki, veteranlarımıza proaktiv
psixoloji və tibbi yardım göstərmək üçün türkiyəli peşəkar
mütəxəssislər Səhiyyə Nazirliyinin dəvəti ilə Azərbaycana gəliblər.
Onlar bilik və təcrübələrini yerli mütəxəssislərlə bölüşərək,
ehtiyacı olan şəxsləri müayinə və müalicə ediblər.

TİKA-nın rəhbərliyinin iştirakı ilə Səhiyyə Nazirliyinin 2
nömrəli Bakı Baza Tibb Kollecində Əczaçılıq Tədris
Laboratoriyasının açılışının mahiyyətini vurğulayan Teymur Musayev
dedi:

“İki qardaş ölkənin gələcəyi olan gənclərin daha yaxşı təhsil
almaları üçün yaradılmış tədris laboratoriyası tələbələrin praktik
təlim imkanlarını genişləndirəcək. Eyni zamanda, əczaçılıq
sahəsində müasir və keyfiyyətli təhsil mühitinin formalaşmasına
xidmət edəcək”.

Səmimi qəbula görə təşəkkürünü bildirən Abdullah Eren vurğulayıb
ki, möhkəm təməllər üzərində dayanan Azərbaycan-Türkiyə qardaşlıq
münasibətləri birlik və həmrəyliyimizin bariz göstəricisidir.
TİKA-nın sədri, həmçinin səhiyyə sahəsində ölkələrimiz arasında sıx
əlaqələrin mövcudluğunu diqqətə çatdırıb.
Görüşdə, həmçinin qarşılıqlı maraq doğuran digər məsələlər
ətrafında fikir mübadiləsi aparılıb.