
Bakı.Trend:
Şübhəli zənglər, bank əməkdaşı, yaxın qohum və digər bu kimi
qurama obrazlar… Hələ son deyil… Siyahıya elektron platformalardan
göndərilən saxta keçidləri, sosial şəbəkələr üzərindən edilən
şirnikləndirici reklamları və daha nələri-nələri əlavə edə bilərik.
Kiberdələduzlar cinayətkar niyyətlərini həyata keçirmək üçün fərqli
ssenarilər qurur, istifadə etdikləri üsul və vasitələri dəyişirlər.
Məqsəd isə dəyişməz olaraq qalır.
Trend xəbər
verir ki, bu barədə DİN-in kibercinayətkarlıqla bağlı vətəndaşlara
müraciətində bildirilib.
Qeyd edilib ki, kimin, hansı məqsədlə zəng etməsindən asılı
olmayaraq, sosial şəbəkələr, digər internet resurslarından daxil
olan təklifləri dəqiqləşdirmədən şəxsi və bank kartı
məlumatlarınızı heç kimlə bölüşməyin.
Bu təhlükənin qarşısını isə ilk növbədə özünüz ala bilərsiniz.
Sizə şübhəli gələn hallara reaksiya verməyə tələsməyin və bu barədə
dərhal polisə müraciət edin.
Gəlin, kibermaarifləndirmə sahəsində səylərimizi birlikdə
artıraraq yaxın çevrəmizdə olan insanları da məlumatlandıraq.
Bununla da kiberdələduzların cinayətkar niyyətlərini qarşısını alaq
və bank kartlarımızın təhlükəsizliyini qoruyaq!


