
Bakı. Trend:
Azərbaycan ilə Qazaxıstan arasında iqtisadi-ticari münasibətlər
son dövrdə sürətlə inkişaf edir və bu əməkdaşlıq ölkələrimizin
gələcək tərəfdaşlığının mühüm təməlini qoyur.
Bu sözləri Trend-ə
açıqlamasında Milli Məclisin deputatı Kamaləddin Qafarov deyib.
O, bildirib ki, dövlət başçıları – İlham Əliyev və Kasım-Jomart
Tokayevin qarşılıqlı səfərləri, davamlı dialoq və strateji
işbirliyi nəticəsində iqtisadi əməkdaşlıq yalnız artım tempinə
malik deyil, həm də keyfiyyətcə yeni mərhələyə qədəm qoyub: “Prezident İlham Əliyevin Qazaxıstana növbəti səfər ərəfəsində
“Kazinform”a verdiyi müsahibəsində də qeyd olunur ki, ikitərəfli
iqtisadi əlaqələrin güclənməsində hər iki dövlət başçısının ardıcıl
təşəbbüsləri böyük rol oynayır. Prezident İlham Əliyev vurğulayır
ki, Azərbaycanda Qazaxıstan kapitalı ilə fəaliyyət göstərən 250-dən
artıq kommersiya strukturu ölkələrimiz arasında iqtisadi etimadın
göstəricisidir. Qarşılıqlı ticarət davamlı olaraq artmaqda davam
edir və bu artım Orta Dəhlizin potensialından səmərəli istifadə,
nəqliyyat və logistika infrastrukturunun sistemli
modernləşdirilməsi sayəsində mümkün olub”.
Millət vəkili qeyd edib ki, Azərbaycan ilə Qazaxıstan arasında
nəqliyyat və logistika sahəsində əməkdaşlıq regionun iqtisadi
inteqrasiyasını daha da möhkəmləndirir: “Orta Dəhliz tranzit
marşrutu üzərindən daşımaların həcmi 2024-cü ildə 3,5 milyon tonu
keçmişdir, bu isə hər iki ölkənin yükdaşımada üstün mövqeyini
güclənməsi deməkdir. 2022-ci ildə imzalanmış “2022–2027-ci illər
üçün Yol Xəritəsi” bu prosesin strateji planını ortaya qoymuşdur:
infrastrukturun sinxron inkişafı, əməliyyatların
optimallaşdırılması, vahid tarif siyasətinin tətbiqi və logistika
mərkəzlərinin yaradılması bu layihənin əsas prioritetləridir.
Prezident İlham Əliyev öz müsahibəsində belə bir mühüm məqamı da
vurğuladı ki, Azərbaycan ilə Qazaxıstan arasında neft-qaz
sektorunda da əməkdaşlıq uğurlu nəticələr verir. SOCAR və
“KazMunayQaz” arasında Aktau-Ceyhan marşrutu üzrə ildə 1,5 milyon
ton neftin tranziti haqqında baş saziş ölkələrimizin enerji
sahəsindəki etimadını nümayiş etdirir. Eyni zamanda, yaşıl enerji
və bərpaolunan mənbələrin təşviqi istiqamətində imzalanmış sazişlər
ikitərəfli gündəlikdə əhəmiyyətli yer tutur. Bu təşəbbüslər yalnız
iqtisadi deyil, ekoloji baxımdan da davamlı inkişafın rəmzidir.
Eyni zamanda, ölkələrimiz arasında əməkdaşlıq həm də innovasiya və
rəqəmsal inteqrasiya sahəsində inkişaf edir. Sualtı fiber-optik
kommunikasiya xətlərinin tikintisi iki ölkənin informasiya
infrastrukturlarını birləşdirəcək və regionda rəqəmsal əlaqələri
daha da gücləndirəcək. Beləliklə, iqtisadi-ticari əməkdaşlıq,
nəqliyyat-logistika və enerji sahələrindəki strateji yanaşma
Azərbaycanın və Qazaxıstanın regiondakı rolunu möhkəmləndirir,
qarşılıqlı faydalı tərəfdaşlığın dinamik inkişafını təmin edir. Bu,
yalnız bugünkü nailiyyətlərin deyil, gələcəkdə formalaşacaq davamlı
tərəfdaşlığın da zəmanətidir”.


