Naxçıvanın büdcə gəlirləri artıb, xərcləri isə azalıb

Cəmiyyət


Bu ilin yanvar-iyul aylarında Naxçıvan Muxtar Respublikasının büdcəsinin gəlirləri 2022-ci ilin eyni dövrü ilə müqayisədə 9,1 milyon manat və ya 10% artaraq 99,2 milyon manat təşkil edib.

Naxçıvan Muxtar Respublikası Maliyyə Nazirliyinin Mətbuat Xidmətindən verilən məlumata görə, bu barədə nazirliyin bu ilin yeddi ayında görülmüş işlər və qarşıda duran vəzifələrə dair kollegiya iclasında qeyd olunub.

Maliyyə nazirinin müavini, nazir vəzifələrini müvəqqəti icra edən Həsən İsmayılov çıxış edərək bildirib ki, burada əsas məqamlardan biri ötən il Naxçıvanın büdcə gəlirlərinə aid edilən gömrük yığımları üzrə gəlirlərin (yol vergisi üzrə daxilolmalar istisna olunmaqla) muxtar respublika gəlirlərindən çıxarılaraq Azərbaycan dövlət büdcəsinin mərkəzləşdirilmiş gəlirlərinə aid edilməsinə baxmayaraq, Naxçıvan Muxtar Respublikasının gəlirlərinin icrası ötən ilə nisbətən müsbət göstəricilərə malik olub.

Bildirilib ki, büdcənin xərclərində də nəzərəçarpacaq dərəcədə dəyişikliklər olub, büdcənin xərclərində qənaət təmin edilib, ötən ilin eyni dövrü ilə müqayisədə xərclər 47,4 milyon manat (14,1%) azalaraq, bu ilin yeddi ayında 287,8 milyon manat təşkil edib.

Hesabat dövründə Muxtar Respublikanın büdcəsinin icrasına qanunamüvafiq qaydada aparılmış nəzarət tədbirlərinin davam etdirilməsi, büdcə xərclərinin icrası zamanı büdcə təşkilatları tərəfindən “Dövlət satınalmaları haqqında” Qanunun tələblərinə əməl edilməsinə maliyyə orqanları tərəfindən nəzarət təmin edilərək əsassız xərclərin qarşısının alınmasının büdcə xərclərinin azalmasında rolu da vurğulanıb.

Diqqətə çatdırılıb ki, gəlirlərin artması və xərclərin azalması hesabına Naxçıvan Muxtar Respublikasının büdcəsinə verilən dotasiyanın miqdarında da nəzərəçarpan azalma təmin edilib. Ötən ilin yeddi ayına nisbətən 29 milyon manat az, yəni 224 milyon manat məbləğində dotasiya alınıb.

“Qeyd edilən göstəricilərin nəticəsidir ki, Naxçıvan Muxtar Respublikasının 2023-cü il üçün büdcəsinə dəyişikliklər həyata keçirilib, büdcənin proqnoz göstəriciləri dəyişdirilib”, – deyə nazir müavini əlavə edib.

Bildirilib ki, bu ilin ötən yeddi ayında Naxçıvan Muxtar Respublikasının Maliyyə Nazirliyinin bütün fəaliyyət istiqamətlərinə uyğun səmərəli iş aparılması daim diqqətdə saxlanılaraq maddi-texniki bazanın gücləndirilməsi, elektron informasiya sistemləri üzrə təhlükəsizliyin artırılması, səmərəli iş mühitinin yaradılması üzrə ciddi tədbirlər həyata keçirilib.

Sonra iclasın gündəliyinə uyğun olaraq Nazirliyin müvafiq şöbələri tərəfindən 2023-cü ilin yeddi ayı ərzində görülmüş işlər barədə məlumat verilib, 2024-cü il və sonrakı üç il üçün büdcə layihələrinin tərtibi, büdcənin icrası və dürüstləşmə barədə çıxışlar dinlənilib.

www.RESMIXEBER.az

Spread the love

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir