
Bakı. Trend:
2012-ci il dekabrın 24-də Rusiya Federasiyası ərazisində Ələs
Süleymanovun öldürülməsi və Səxavət Qurbanovun öldürülməsinə cəhd
edilməsi faktları üzrə Rusiya Federasiyası İstintaq Komitəsinin
Moskva vilayəti üzrə İstintaq İdarəsinin Korolyov şəhər İstintaq
Şöbəsində cinayət işi başlanılıb.
Bu barədə Baş Prokurorluğun Mətbuat xidməti məlumat yayıb.
Bildirilib ki, istintaq zamanı toplanmış sübutlar əsasında
2013-cü il fevralın 21-də, 1987-ci il təvəllüdlü Gəncə şəhər sakini
İsmayıl-Nəcat Elgün Nazir oğlunun təqsirləndirilən şəxs qismində
cəlb edilməsi barədə qərar qəbul edilib, istintaqdan yayındığına
görə barəsində axtarış elan olunub:
“2021-ci il avqustun 21-də cinayət işinin aidiyyəti üzrə
Azərbaycan Respublikasına göndərilməsi barədə qərar qəbul edilib,
cinayət işi Azərbaycan Respublikasının Baş Prokurorluğuna daxil
olduqdan sonra ibtidai istintaqın davam etdirilməsi üçün Gəncə
şəhər prokurorluğuna göndərilib.
Gəncə şəhər prokurorluğunda aparılan istintaq zamanı
İsmayıl-Nəcat Elgün Nazir oğlunun axtarışı davam etdirilib, həyata
keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində o, 2026-cı il
fevralın 7-də saxlanılıb, müstəntiqin vəsatəti və ibtidai
araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurorun
təqdimatı əsasında Gəncə Şəhər Məhkəməsinin qərarı ilə barəsində
həbs qətimkan tədbiri seçilib”.
Məlumata əsasən, ibtidai istintaq zamanı toplanmış sübutlarla
İsmayıl-Nəcat Elgün Nazir oğlunun aralarında yaranmış mübahisə
səbəbindən qisas almaq məqsədilə Səxavət Qurbanovu öldürmək niyyəti
ilə sonuncunun işlədiyi avtomobil təmiri servisinin qarşısında
deşici-kəsici alətlə ona müxtəlif xəsarətlər yetirməsinə, hadisə
zamanı Səxavət Qurbanovu müdafiə etmək məqsədilə ictimai borcunu
yerinə yetirərək münaqişəyə müdaxilə etmiş Ələs Süleymanovu isə
xuliqanlıq niyyəti ilə qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən
edilib.
“Toplanmış sübutlar əsasında İsmayıl-Nəcat Elgün Nazir oğluna
Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.2.2 (xuliqanlıq
niyyəti ilə qəsdən adam öldürmə), 120.2.3 (zərərçəkmiş şəxsin
ictimai borcunu yerinə yetirməsi ilə əlaqədar qəsdən adam öldürmə),
29,120.2.10 (təkrar qəsdən adam öldürməyə cəhd) və 221.3-cü
(xuliqanlıq) maddələri ilə yenidən ittiham elan edilib.
Cinayət işi üzrə ibtidai istintaq tamamlanaraq baxılması üçün
aidiyyəti üzrə Gəncə Ağır Cinayətlər Məhkəməsinə göndərilib”, –
deyə məlumatda bildirilib.

