“AzerGold” QSC və RİİB Daşkəsəndə Ümumdünya Ətraf Mühitin Mühafizəsi Gününə həsr olunmuş aksiya keçirib (FOTO)

Baş səhifə

Bakı. Trend:

“AzerGold” QSC və “Regional İnkişaf” İctimai Birliyinin (RİİB)
birgə təşkilatçılığı ilə Daşkəsən rayonunda 5 İyun – Ümumdünya
Ətraf Mühitin Mühafizəsi Gününə həsr olunmuş “Təbiətə qayğı
missiyamızdır!” devizi altında təmizlik aksiyası keçirilib.

Ətraf mühitin mühafizəsi, tullantıların düzgün idarə olunmasının
təşviqi məqsədilə təşkil olunan tədbirdə QSC-nin əməkdaşları və
“Regional İnkişaf” İctimai Birliyinin könüllüləri iştirak
ediblər.

Tədbir çərçivəsində aksiya iştirakçıları tərəfindən Qoşqarçayın
sahilləri boyunca yerləşən, ümumilikdə təxminən 2 hektar ərazi
plastik, polietilen, metal, şüşə, kağız, karton və digər məişət
tullantılarından təmizlənib. Toplanmış tullantılar çeşidlənərək
təkrar emala göndərilib.




Qeyd edək ki, “AzerGold” QSC ölkənin dağ-mədən sənayesində
fəaliyyət göstərən dövlət şirkəti olaraq hasilat və istehsal
proseslərini yerli və beynəlxalq ekoloji standartlara uyğun şəkildə
həyata keçirməklə yanaşı, regionlarda mütəmadi olaraq ekoloji
yönümlü layihələr reallaşdırır. Şirkətin təşəbbüsü ilə hər il
kütləvi ağacəkmə, yaşıllaşdırma və təmizlik aksiyaları təşkil
olunur.

Xatırladaq ki, Ümumdünya Ətraf Mühitin Mühafizəsi Günü 1972-ci
ildə BMT Baş Assambleyası tərəfindən təsis edilib. BMT-nin Ətraf
Mühit Proqramı (UNEP) tərəfindən 2026-cı il üçün “İqlim
dəyişikliyi” mövzusu müəyyənləşdirilib. Azərbaycanın ev sahibliyi
etdiyi builki qlobal kampaniya iqlim dəyişikliklərinin ətraf mühitə
və insanların həyatına təsirləri barədə məlumatlılığın
artırılmasını, iqlim fəaliyyətinin gücləndirilməsini və dayanıqlı
inkişaf təşəbbüslərinin təşviqini hədəfləyir. Kampaniya
çərçivəsində #NowForClimate çağırışı irəli sürülür.