
Bakı.Trend:
“Fitch Ratings” Beynəlxalq reytinq agentliyi Azərbaycanın
uzunmüddətli emitent defoltu reytinqini (IDR) sabit proqnozla
“BBB-” səviyyəsində təsdiqləyib. Agentliyin məlumatına görə,
Azərbaycanın suveren valyuta aktivləri 2026-cı ildə 93 milyard ABŞ
dollarına çatacaq ki, bu da ölkənin proqnozlaşdırılan ÜDM-nin 117
faizini təşkil edəcək.
Trend xəbər verir
ki, bu barədə agentliyin açıqlamasında bildirilir.
Agentliyin qiymətləndirməsinə əsasən, aktivlərin artımı Yaxın
Şərqdəki gərginlik fonunda neft və qaz qiymətlərinin yüksəlməsi
hesabına təmin olunacaq ki, bu da ölkənin ixrac gəlirlərinin
artmasına səbəb olacaq. Göstərilən aktivlərin təxminən 84 faizi
Azərbaycan Respublikası Dövlət Neft Fondunda (ARDNF), qalan hissəsi
isə Azərbaycan Mərkəzi Bankının beynəlxalq valyuta ehtiyatlarında
cəmləşəcək.
“Fitch” qeyd edir ki, Azərbaycanın xalis suveren xarici
aktivləri ÜDM-in 73 faizinə çatacaq ki, bu da “BBB” reytinq
kateqoriyasına aid ölkələr arasında ən yüksək göstərici olacaq.
Agentlik vurğulayır ki, Azərbaycanın reytinqi çox güclü xarici
mövqe, müqayisə olunan ölkələr arasında ən aşağı dövlət borcu
səviyyəsi və suveren fondun əhəmiyyətli aktivləri hesabına yüksək
maliyyə çevikliyi ilə dəstəklənir.
“Fitch”in proqnozlarına görə, daha yüksək neft qiymətləri ilə
idxalın cüzi artımının birləşməsi tədiyə balansının cari
əməliyyatlar hesabı üzrə profisitin 2026-cı ildə ÜDM-in 9 faizinə
yüksəlməsinə imkan verəcək. Bu göstərici 2025-ci ildə 4,6 faiz
səviyyəsində olub. Agentliyin fikrincə, 2027-ci ildə neft və qaz
qiymətlərinin azalacağı gözlənsə də, profisit analoji ölkələrin
orta göstəricisindən yüksək olaraq qalacaq və valyuta
ehtiyatlarının artmasına töhfə verməyə davam edəcək.
Konsolidə edilmiş büdcə profisitinin 2026-cı ildə ÜDM-in 5,6
faizinə yüksəlməsi gözlənilir. Lakin karbohidrogen qiymətlərinin
aşağı düşməsi, qeyri-neft gəlirlərinin mülayim artımı və dövlət
xərclərinin nisbətən sabit qalması səbəbindən 2027-ci ildə bu
göstərici azalacaq. “Fitch” qeyd edir ki, Azərbaycan hakimiyyəti
müdafiə məsələlərinə və azad edilmiş ərazilərin bərpasına prioritet
verməyə davam edəcək.
Agentlik ölkənin büdcə siyasətinin təkmilləşdirilməsini də
müsbət qiymətləndirir. Belə ki, 2027–2030-cu illəri əhatə edən
strategiya ilkin qeyri-neft kəsirinin 2029-cu ilə qədər ÜDM-in 13
faizinə endirilməsini nəzərdə tutur. Müqayisə üçün, bu göstərici
2025-ci ildə 18,6 faiz, 2022-ci ildə isə 22,2 faiz təşkil edib.
“Fitch”in rəyinə görə, ortamüddətli fiskal hədəflərin yenidən
nəzərdən keçirilməsi imkanlarını məhdudlaşdırmağa yönəlmiş büdcə
qaydalarındakı dəyişikliklər, eləcə də hökumətin ARDNF-dən dövlət
büdcəsinə transfertləri mərhələli şəkildə azaltmaq niyyəti büdcə
siyasətinin prosiklik xarakterini zəiflədəcək, iqtisadi kursun
proqnozlaşdırıla bilməsini artıracaq və dövlətin xarici
aktivlərinin daha da artmasına şərait yaradacaq.

