Bakıda “Force of Love” 2026 yay festivalı keçiriləcək

Baş səhifə

Bakı. Trend:

5–7 iyun tarixlərində Space____________13 incəsənət məkanı
NARGIS jurnalı tərəfindən təşkil olunan “Force of Love” 2026
festivalına ev sahibliyi edəcək. Festival incəsənəti və canlı
ünsiyyəti bir araya gətirən böyük sənətkarlıq yarmarkası formatında
təşkil olunacaq. Festival çərçivəsində müxtəlif kitablar,
fotoşəkillər, vinil plastinkalar, vintaj zinət əşyaları və
çantalar, ev və gözəllik məhsulları, yerli brendlərin geyimləri,
həmçinin food corner-lər və daha çoxu təqdim olunacaq.

5 iyun tarixində Nargis Fund ilə birgə uşaq evlərində yaşayan
uşaqlar üçün Beynəlxalq Uşaqlar Gününə həsr olunmuş xüsusi əyləncə
proqramı təşkil olunacaq. Balaca qonaqları teatr tamaşası, bayram
ab-havası və hədiyyələr gözləyir.

5, 6 və 7 iyun tarixlərində festival qonaqları yalnız qeyri-adi
hədiyyələr əldə etməklə kifayətlənməyəcək, həm də zəngin proqramın
bir hissəsinə çevriləcəklər: puppy yoga məşğələlərində iştirak
edəcək, musiqidən və müxtəlif mətbəx nümunələrindən zövq alacaq,
yaradıcı atmosferdə vaxt keçirəcəklər. Həmçinin uşaqları və
dostları ilə birlikdə qəhvə sənəti, akril rəsm, keramika, boşqab
üzərində rəsm, floristika, dekorativ sənət, robototexnika, sabun
hazırlanması, parfümeriya və skrapbukinq üzrə master-klasslarda
iştirak edə biləcəklər. Onların əksəriyyəti ödənişsiz əsasda
keçiriləcək, çünki festival sosial xarakter daşıyır və əsas məqsədi
insanlara ünsiyyət və birgə yaradıcılıq üçün məkan yaratmaq, ailə
və dostlarla birlikdə vaxt keçirmək imkanı verməkdir.




Festival çərçivəsində Ülviyyə Mahmud, NARGIS jurnalının baş
redaktoru tərəfindən xüsusi master-klasslar da keçiriləcək.

Tədbirin çərçivəsində festivalın baş sponsoru olan Azərbaycan
Respublikası Mədəniyyət Nazirliyi yanında Mədəni və Yaradıcı
Sənayelərin İnkişafı Mərkəzi (Yaradıcı) bütün arzu edənləri öz
arzularını reallığa çevirməyə və müxtəlif istiqamətlərdə
istedadlarını nümayiş etdirməyə dəvət edir.

Festival sevginin önəmini vurğulayır – insanın özünə, ailəsinə,
ətrafındakılara, təbiətə və, əlbəttə ki, özünü həsr etdiyi işə olan
sevgisini. Onun parlaq, interaktiv, yadda qalan, müsbət emosiyalar
və xoş təəssüratlarla dolu bir tədbir olacağı gözlənilir. Sizi
gözləyirik!