
Bakı. Trend:
Mayın 20-də Bakıda Azərbaycan və Avropa İttifaqı (Aİ) arasında
Təhlükəsizlik Dialoqunun yeddinci iclası keçirilib.
Trend-in
məlumatına görə, iclas iştirakçıları Azərbaycan-Aİ münasibətlərinin
hazırkı vəziyyəti, qarşılıqlı maraq doğuran xarici və təhlükəsizlik
siyasəti məsələləri ilə bağlı konstruktiv fikir mübadiləsi
aparıblar. Onlar Avropa İttifaqı Şurasının Prezidenti Antonio
Koştanın və Avropa İttifaqının ali nümayəndəsi, Avropa
Komissiyasının vitse-prezidenti Kaya Kallasın Azərbaycana səfərləri
və Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevlə görüşləri
də daxil olmaqla, son zamanlar yüksəksəviyyəli təmasların
intensivləşməsini alqışlayıblar, ikitərəfli münasibətlərin daha da
inkişaf etdirilməsində ortaq maraqlarını bir daha
təsdiqləyiblər.
Tərəflər yeni Tərəfdaşlıq Prioritetləri və yeni ikitərəfli saziş
üzrə davam edən müzakirələrin vacibliyini vurğulayıblar. Həmçinin
mövcud Azərbaycan-Aİ Tərəfdaşlıq və Əməkdaşlıq Sazişi çərçivəsində
müntəzəm dialoqun davam etdirilməsinin əhəmiyyətini diqqətə
çatdırıblar.
İştirakçılar geosiyasi proseslər və xarici siyasət, bağlantı,
enerji təhlükəsizliyi və Orta Dəhliz də daxil olmaqla, regional və
beynəlxalq prosesləri müzakirə ediblər. Aİ Azərbaycanın regional
bağlantı və enerji şaxələndirilməsi baxımından mühüm tərəfdaş kimi
rolunu qeyd edib, davamlı, iqtisadi cəhətdən səmərəli və qaydalara
əsaslanan əməkdaşlığın vacibliyini vurğulayıblar.
Aİ Azərbaycanda aparılan humanitar minatəmizləmə səylərinə
dəstəyini bir daha təsdiqləyib və bu sahədə əməkdaşlığın davam
etdirilməsini alqışlayıb. Səfər çərçivəsində mayın 19-da Aİ
nümayəndə heyəti Ağdam rayonu da daxil olmaqla, Qarabağ və Şərqi
Zəngəzur iqtisadi rayonlarına baş çəkib, Azərbaycan tərəfindən
həyata keçirilən minatəmizləmə fəaliyyəti ilə tanış olub.
İştirakçılar, həmçinin Azərbaycan-Ermənistan sülh prosesi ilə
bağlı fikir mübadiləsi aparıblar. Aİ Azərbaycanla Ermənistan
arasında son aylarda əldə olunmuş irəliləyişi, o cümlədən etimad
quruculuğu tədbirlərini və təmasların intensivləşməsini alqışlayıb,
davamlı sülhün dəstəklənməsi üçün dialoqun və praktiki əməkdaşlığın
davam etdirilməsinə çağırış edib.
Tərəflər formatın genişləndirilərək onun Azərbaycan-Aİ Siyasi və
Təhlükəsizlik Dialoqu adlandırılması barədə razılığa gəliblər ki,
bu, ikitərəfli münasibətlərin daha geniş sahələri əhatə etdiyinin
və strateji əhəmiyyətinin göstəricisidir.
İclasa Azərbaycan Respublikası Prezidentinin köməkçisi Hikmət
Hacıyev və Avropa Xarici Fəaliyyət Xidmətinin Siyasi Məsələlər üzrə
baş katibinin müavini Olof Skuq həmsədrlik ediblər.

