Bakı. Trend:
Fransanın Maliyyə Cinayətləri üzrə Milli Prokurorluğu sabiq Baş
nazir Dominik dö Vilpənə qarşı dövlət vəsaitinin mənimsənilməsinin
gizlədilməsi ittihamı üzrə istintaq başladıldığını açıqlayıb.
Trend xəbər verir ki,
bu iş onun 2002–2004-cü illərdə xarici işlər naziri olarkən aldığı
hədiyyə heykəlciklərlə bağlıdır. Prokurorluğun Fransa mediası
tərəfindən yayımlanan bəyanatına görə, istintaqın açılmasının
səbəbi aprel ayının sonunda “France Télévisions” kanalında
yayımlanan “Complément d’Enquête” proqramında səsləndirilən
iddialar olub.
Veriliş zamanı “Françafrique” şəbəkələri ilə əlaqələndirilən
fransız-livanlı lobbiçi Rober Burji Dominik dö Vilpənə iki Napoleon
heykəlciyinin hədiyyə edilməsində vasitəçi rolu oynadığını
bildirib. Onun sözlərinə görə, həmin hədiyyələrin
maliyyələşdirilməsində Burkina-Fasonun sabiq Prezidenti Blez
Kompaore və italiyalı iş adamı Cian Angelo Perruçi iştirak
edib.
Rober Burji qeyd edib ki, heykəlciklərdən biri 75 min avroya,
digəri isə 50 min avroya alınıb. Beləliklə, hədiyyələrin ümumi
dəyərinin təxminən 125 min avro olduğu bildirilir.
2027-ci il Fransa prezident seçkilərində potensial namizəd kimi
göstərilən Dominik dö Vilpən mayın 10-da bu hədiyyələri qəbul
etməklə səhvə yol verdiyini etiraf edib. Bununla belə, o, hər hansı
qanunsuz əməl törətdiyini rədd edib.
İstintaq çərçivəsində hədiyyələrin hansı şəraitdə təqdim
edildiyi və onların qəbulunun Fransa dövlət məmurları üçün qüvvədə
olan qaydalara əsasən cinayət tərkibi yaradıb-yaratmadığı
araşdırılacaq.
Hazırda sabiq Baş nazir bu yeni istintaq qərarı ilə bağlı əlavə
açıqlama verməyib.

