Azərbaycanda xam neft hasilatının həcmi açıqlanıb

Baş səhifə

Bakı. Trend:

Bu ilin yanvar-may aylarında Azərbaycanda 11,061 milyon ton xam
neft (qaz kondensatı daxil olmaqla) hasil olunub.

Bu barədə Dövlət Statistika Komitəsinin məlumatında qeyd
olunub

Məlumata görə, bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə
377,6 min ton və ya 3,3 faiz azdır.

Hesabat dövründə xam neft hasilatının ümumi həcmindən 11,033
milyon tonu əmtəəlik xam neftin payına düşüb ki, bu da əvvəlki ilin
eyni dövründəki göstərici ilə müqayisədə 378,3 min ton və ya 3,3%
azdır.




Ümumilikdə, bu ilin yanvar-may aylarında Azərbaycanda
mədənçıxarma sənayesində istehsalın ümumi dəyəri 16,7 milyard manat
olmaqla, əvvəlki ilin müvafiq dövrünə nisbətən 0,4 faiz azalıb.

Bununla yanaşı, Dövlət Gömrük Komitəsinin məlumatına görə, bu
ilin ilk 5 ayında Azərbaycan 10-dan çox ölkəyə 5,121 milyard ABŞ
dolları dəyərində 8,829 milyon ton bitumlu süxurlardan alınmış xam
neft və xam neft məhsulları ixrac edib. Ötən ilin eyni dövrü ilə
müqayisədə sözügedən məhsulların ixracının dəyəri 521,3 milyon ABŞ
dolları və ya 9,2%, həcmi isə 1,535 milyon ton və ya 14,8%
azalıb.

Hasilat və ixrac göstəricilərində azalma fonunda Azərbaycan
iqtisadiyyatın şaxələndirilməsi siyasətini davam etdirir. Son
illərdə qeyri-neft sektorunun inkişafı dövlət iqtisadi siyasətinin
əsas istiqamətlərindən biri olaraq qalır. Bu çərçivədə sənaye, kənd
təsərrüfatı, informasiya-kommunikasiya texnologiyaları,
nəqliyyat-logistika, turizm və bərpa olunan enerji sahələrinə
investisiyalar artırılır, ixracın şaxələndirilməsi və qeyri-neft
məhsullarının xarici bazarlara çıxışının genişləndirilməsi
istiqamətində tədbirlər həyata keçirilir. Məqsəd iqtisadiyyatın
neft gəlirlərindən asılılığını tədricən azaltmaq və dayanıqlı
iqtisadi artımı təmin etməkdir. Bu kontekstdə ölkə rəhbərliyi
qeyri-neft sahələrinin investisiya baxımından əsas inkişaf
istiqaməti olduğunu vurğulayır.

İqtisadiyyat naziri Mikayıl Cabbarov Bakıda keçirilən İslam
İnkişaf Bankı Qrupunun 2026-cı il İllik Toplantılarının yekunlarına
həsr olunmuş mətbuat konfransında bildirib: “Azərbaycanın əsas
diqqəti qeyri-neft və qaz iqtisadiyyatının inkişafına yönəlib və bu
sektor son 5–6 ildə ölkədə iqtisadi artımın əsas drayverinə
çevrilib. İnvestisiya imkanları əsasən qeyri-neft sənayesi
istehsalı, mədənçilik və kritik minerallar, kənd təsərrüfatı və
aqroemal, eləcə də nəqliyyat və logistika sahələrini əhatə
edir”.