
Bakı. Trend:
Mayın 12-də Azərbaycan Respublikasının xarici işlər naziri
Ceyhun Bayramov Birləşmiş Krallığın Azərbaycan Respublikasındakı
fövqəladə və səlahiyyətli səfiri Fergus Auldu ölkəmizdə diplomatik
fəaliyyətinin başa çatması ilə əlaqədar qəbul edib.
Xarici İşlər Nazirliyindən Trend-ə verilən məlumata görə, nazir Ceyhun Bayramov
iki ölkə arasında mövcud münasibətlərin inkişafını məmnunluqla qeyd
edərək, bu istiqamətdə göstərdiyi səylərə görə səfirə təşəkkürünü
bildirib.
Görüş zamanı Azərbaycanla Birləşmiş Krallıq arasında mövcud
tərəfdaşlıq münasibətlərinin müxtəlif istiqamətləri üzrə
əməkdaşlığın cari vəziyyəti və gələcək inkişaf perspektivləri geniş
müzakirə olunub. Siyasi dialoq, iqtisadiyyat, enerji
təhlükəsizliyi, yaşıl enerji, ticarət, investisiyalar, təhsil,
humanitar sahələr və regional təhlükəsizlik məsələləri müzakirə
olunan əsas mövzular sırasında yer alıb.
Görüş zamanı tərəflər iki ölkə arasında mövcud dialoq,
qarşılıqlı səfərlər və təmasların, o cümlədən siyasi
məsləhətləşmələrin münasibətlərin inkişafına mühüm töhfə verdiyini
bildiriblər.
Tərəflər regional vəziyyət, Azərbaycan-Ermənistan normallaşma
prosesi, postmünaqişə dövründə bölgədə aparılan bərpa və
yenidənqurma işləri, eləcə də digər qarşılıqlı maraq doğuran
ikitərəfli və çoxtərəfli məsələlər ətrafında fikir mübadiləsi
aparıblar.
Səfir Fergus Auld Azərbaycanda fəaliyyəti dövründə göstərilən
dəstəyə görə minnətdarlığını ifadə edib. Nazir Ceyhun Bayramov
səfirə gələcək fəaliyyətində uğurlar arzulayıb.


