Azərbaycan və Çili çoxtərəfli platformalarda səmərəli əməkdaşlığı inkişaf etdirir – Müvəqqəti işlər vəkili

Baş səhifə

Laçın. Trend:

Azərbaycan və Çili arasında çoxtərəfli gündəlikdə səmərəli
əməkdaşlıq qurulub.

Trend xəbər verir
ki, bunu Çilinin Azərbaycandakı səfirliyinin müvəqqəti işlər vəkili
Xuan Karlos Salazar Alvares Şərqi Zəngəzur və Qarabağ səfəri
çərçivəsində jurnalistlərə açıqlamasında deyib.

“Bu, mənim Qarabağa ilk səfərimdir. Azərbaycanın öz gələcəyini
necə gördüyünü və uzun müddət münaqişə zonası olmuş bu ərazinin
bərpası üzərində necə işlədiyini öyrənmək imkanım olduğu üçün çox
şadam. Hazırda burada sülh bərqərar olub. Buna görə də hökumətin
hansı planları həyata keçirdiyini yerində görmək çox vacibdir”, –
deyə diplomat bildirib.

Alvares Azərbaycan və Çilinin çoxtərəfli platformalarda səmərəli
əməkdaşlıq edir.

“Biz, həmçinin Azərbaycanın Qoşulmama Hərəkatına sədrlik etdiyi
dövrdə əməkdaşlıq etmişik. Aktiv siyasi koordinasiya, eləcə də
COP29 çərçivəsində qarşılıqlı fəaliyyət olub. Yəni çoxtərəfli
gündəlikdə kifayət qədər effektiv əməkdaşlığımız formalaşıb.
Hazırda əsas məqsədimiz ikitərəfli ticarəti inkişaf etdirməkdir –
bu, cari il üçün əsas vəzifəmizdir. Biz Azərbaycandan bəzi
texnologiyaları və həmçinin dərman preparatlarını alırıq. Öz
növbəmizdə isə məhsullarımızın, o cümlədən balıq, xüsusilə
qızılbalıq, eləcə də təzə və qurudulmuş meyvələrin ixracını
artırmaq istəyirik”,- deyə o əlavə edib.

Qeyd edək ki, mayın 1-də Azərbaycanda akkreditə olunmuş
diplomatik korpus nümayəndələrinin Azərbaycan Prezidentinin
köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri
şöbəsinin müdiri Hikmət Hacıyevin müşayiəti ilə Şərqi Zəngəzur və
Qarabağa səfəri başlayıb.

Səfərdə ümumilikdə 62 ölkə və beynəlxalq təşkilatı təmsil edən
150-dən çox səfir, diplomat, hərbi attaşe və digər nümayəndələr
iştirak edirlər.

İki gün davam edəcək səfər Xankəndi şəhərini, həmçinin Xocalı,
Şuşa və Laçın rayonlarını əhatə edir.

Səfər zamanı iştirakçılar regionda aparılan yenidənqurma və
bərpa işləri ilə yerindəcə tanış olmaq, habelə sosial və iqtisadi
əhəmiyyətli obyektləri ziyarət etmək imkanı əldə edəcəklər.