
Bakı. Trend:
Xəbər verdiyimiz kimi, Dövlət Gömrük
Komitəsinin Azad və Xüsusi İqtisadi Zonalar üzrə Gömrük İdarəsi
haqqında Əsasnamə təsdiqlənib.
Trend-in əldə
etdiyi məlumata görə, Əsasnaməda Azad və Xüsusi İqtisadi Zonalar
üzrə Gömrük İdarəsinin fəaliyyətinin təşkili dair məsələlər öz
təsdiqini tapıb.
Belə ki, İdarənin strukturu, xərclər smetası və ştat cədvəli
Komitə sədri tərəfindən təsdiq ediləcək.
İdarəyə Komitə sədri tərəfindən vəzifəyə təyin və vəzifədən azad
edilən rəis rəhbərlik edəcək. Rəis İdarənin fəaliyyətinə rəhbərlik
edəcək və ona həvalə edilmiş vəzifələrin icrasına görə məsuliyyət
daşıyacaq.
İdarə rəisinin müavini Komitə sədri tərəfindən vəzifəyə təyin və
vəzifədən azad ediləcək. İdarə rəisinin müavini onlara həvalə
edilmiş vəzifələri yerinə yetirəcək və buna görə məsuliyyət
daşıyacaq.
İdarənin işi onun fəaliyyət istiqamətləri üzrə, habelə Komitənin
və İdarənin təsdiq edilmiş iş planları əsasında həyata
keçiriləcək.
İdarədə işin təşkili və vəziyyəti, iş planlarında nəzərdə
tutulmuş tədbirlərin icra vəziyyəti, habelə qarşıda duran
vəzifələrin həyata keçirilməsi ilə bağlı məsələlər mütəmadi olaraq
İdarə rəisinin yanında keçirilən iclaslarda müzakirə olunacaq.
İdarənin rəisi aşağıdakı səlahiyyətləri həyata
keçirəcək:
- İdarənin fəaliyyətini təşkil edəcək, ona rəhbərliyi həyata
keçirəcək və İdarəni müəyyən edilmiş qaydada təmsil edəcək; - İdarənin fəaliyyətinin təşkili ilə bağlı əmr və sərəncamlar
verəcək, verilmiş əmr və sərəncamların icrasını təşkil edəcək,
onların icrasını yoxlayacaq və nəzarəti həyata keçirəcək; - İdarənin fəaliyyəti ilə bağlı məsələlərin Komitənin
Kollegiyasında müzakirəyə çıxarılması üçün təşəbbüs göstərəcək və
həmin məsələlərin Kollegiyanın müzakirəsinə hazırlanmasını təmin
edəcək; - verilmiş səlahiyyətlər daxilində İdarənin struktur bölmələrinin
əsasnamələrini təsdiq edəcək; - İdarənin iş planını və müvafiq hesabatlarını təsdiq edəcək, iş
planının vaxtında və keyfiyyətli icrasına nəzarət edəcək; - Komitənin Kollegiya qərarlarında, əmr və sərəncamlarda, habelə
iş planlarında nəzərdə tutulmuş aidiyyəti tədbirlərin yerinə
yetirilməsini təmin edəcək; - İdarənin işçilərinin üzərinə düşən vəzifələrin icrasına, icra
və əmək intizamına riayət olunmasına nəzarət edəcək; - İdarədə xüsusi rütbə nəzərdə tutulan vəzifələrdə xidmət edən
işçilərə xüsusi rütbələrin verilməsi məqsədilə Komitə sədrinə
təqdimatlar verəcək; - işçilərin əmək və sosial təminat hüquqlarının həyata
keçirilməsini təmin edəcək; - işçilərin maddi təminatının və sosial-məişət şəraitinin
yaxşılaşdırılması üçün tədbirlər görəcək; - verilmiş səlahiyyətlər daxilində işçilərin vəzifə maaşlarına
qanunvericiliklə müəyyən edilmiş əlavələrin, maddi yardım və
mükafatların verilməsini təmin edəcək; - verilmiş səlahiyyətlər daxilində İdarənin adından mülki
qanunvericiliyə uyğun olaraq müqavilələr bağlayacaq; - etibarnamələr verəcək, banklarda hesablaşma və digər hesablar
açacaq, hesab və tədiyyə sənədlərini imzalayacaq; - xarici ticarət iştirakçıları ilə mütəmadi görüşlər keçirəcək,
görüşlər zamanı qaldırılan məsələlərin təhlilini aparacaq və
nəticələr üzrə Komitə rəhbərliyinə təkliflər təqdim edəcək; - İdarənin əsas vəsaitlərindən və maddi qiymətlilərindən səmərəli
istifadə olunmasına nəzarət edəcək; - səlahiyyətləri daxilində İdarədə mülki müdafiə, yanğın
təhlükəsizliyi və nəqliyyat səfərbərliyi üzrə tədbirlərin həyata
keçirilməsinə nəzarət edəcək; - İdarənin fəaliyyət istiqamətləri üzrə dövlət sirrinin, məxfilik
rejiminin və qanunla qorunan digər məlumatların mühafizəsinin təmin
edilməsi üçün zəruri tədbirlər görəcək; - İdarənin fəaliyyətini Komitənin Aparatı, Komitənin strukturuna
daxil olan gömrük orqanları və tabeliyində olan digər qurumlarla
əlaqələndirəcək; - İdarənin fəaliyyətinin təkmilləşdirilməsi istiqamətində
tədbirlər görür və bu barədə Komitə rəhbərliyinə təkliflər
verəcək; - İdarə tərəfindən vətəndaşların müraciətlərinə baxılmasını və
vətəndaşların qəbulunu təmin edəcək.
İdarənin vəzifəli şəxslərinin tutduqları vəzifələr üzrə xidməti
vəzifələri Komitə sədrinin təsdiq etdiyi vəzifə təlimatları
əsasında müəyyən ediləcək.

