Bakı. Trend:
Aprelin 23-ü Laçın-Xankəndi yolunun başlanğıcında dövlət
sərhədindən buraxılış məntəqəsinin yaradılmasının növbəti
ildönümüdür. Artıq üç ildir ki, bu qərar təkcə konkret bir
infrastruktur addımı kimi deyil, ölkənin suveren iradəsinin və
prinsipial mövqeyinin praktik ifadəsi kimi dəyərləndirilir.
Bunu Trend-ə
açıqlamasında Milli Məclisin deputatı Vüqar İskəndərov deyib.
Millət vəkili vurğulayıb ki, 2023-cü ildə atılmış bu addımın
mahiyyəti ilk növbədə Azərbaycanın öz sərhədləri üzərində tam
nəzarəti təmin etmək iradəsindən qaynaqlanırdı:
“Bu, beynəlxalq hüququn norma və prinsiplərinə uyğun olaraq
dövlətin öz ərazi bütövlüyünü qorumaq hüququnun real müstəvidə
təsdiqi idi. Həmin gün Azərbaycan Bayrağının bu məntəqədə
ucaldılması isə sadəcə rəmzi jest deyil, faktiki olaraq yeni
reallığın nümayişi idi – Azərbaycan öz suveren ərazilərində tam
hüquqlu sahib kimi çıxış edir.
Bu qərarın arxasında dayanan əsas siyasi xətt isə
Prezident İlham Əliyevin ardıcıl və qətiyyətli siyasəti ilə
bağlıdır. Məhz bu prinsipial yanaşma nəticəsində ölkənin ərazi
bütövlüyünün təmin olunması istiqamətində atılan addımlar tədricən
praktik nəticələrə çevrilir. Prezidentin həmin dövrdə səsləndirdiyi
fikirlər də göstərirdi ki, buraxılış məntəqəsinin yaradılması
təsadüfi deyil, düşünülmüş və strateji baxımdan əsaslandırılmış
qərardır”.
Deputatın sözlərinə görə, məntəqənin fəaliyyəti qısa müddət
ərzində konkret nəticələrlə müşayiət olundu. Əvvəllər işğal altında
olmuş ərazilərdə törədilmiş cinayətlərlə bağlı bəzi şəxslərin
saxlanılması və istintaqa cəlb edilməsi bu mexanizmin yalnız
texniki və ya inzibati xarakter daşımadığını açıq şəkildə göstərdi.
Bu, həm də ədalətin təmin olunması, qanunun aliliyinin bərpası
istiqamətində mühüm bir alətə çevrildiyini sübut etdi.

V.İskəndərovun fikrincə, bu addım eyni zamanda regionda
təhlükəsizlik mühitinə də birbaşa təsir göstərdi:
“Nəzarət mexanizmlərinin gücləndirilməsi qanunsuz fəaliyyətlərin
qarşısının alınmasına, sərhəd rejiminin daha effektiv təşkilinə və
ümumilikdə sabitliyin möhkəmlənməsinə xidmət etdi. Bu baxımdan
Laçın istiqamətində qurulan sistem təkcə bir yol üzərində nəzarət
deyil, daha geniş mənada dövlətin idarəetmə və təhlükəsizlik
arxitekturasının mühüm elementi kimi çıxış edir”.
Parlamentari sonda qeyd edib ki, üç il ərzində bu məntəqə öz
funksionallığını və strateji əhəmiyyətini tam şəkildə
təsdiqləyib.
“Onun fəaliyyəti bir daha göstərir ki, Azərbaycan dövlətinin
həyata keçirdiyi siyasət ardıcıl, məqsədyönlü və uzunmüddətli
nəticələrə hesablanmış şəkildə qurulub. Bu gün qeyd olunan ildönümü
də məhz həmin yanaşmanın – suverenliyin bərpası və
möhkəmləndirilməsi istiqamətində atılmış qətiyyətli addımların
məntiqi davamı kimi qiymətləndirilməlidir”, – deyə o sözünə yekun
vurub.

