Baş Prokurorluqda Geniş Kollegiya iclası keçirilib (FOTO)

Baş səhifə

Bakı.Trend:

Aprelin 23-də Baş prokuror Kamran Əliyevin rəhbərliyi ilə
Azərbaycan Respublikası Baş Prokurorluğunda cari ildə görülmüş
işlərə və qarşıda duran aktual məsələlərə həsr olunmuş Geniş
Kollegiya iclası keçirilib.

Bu barədə Trend-ə Baş Prokurorluqdan məlumat verilib.

Məlumata görə, iclası giriş nitqi ilə açan Baş prokuror bildirib
ki, dünyada və regionda müşahidə olunan mürəkkəb geosiyasi vəziyyət
fonunda Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin
rəhbərliyi və Birinci vitse-prezident Mehriban Əliyevanın yaxından
iştirakı ilə ölkəmizdə ictimai-siyasi sabitliyin qorunması, hüquqi
islahatların davam etdirilməsi, iqtisadi inkişafın dayanıqlığının
təmin olunması və ölkəmizin beynəlxalq mövqelərinin
möhkəmləndirilməsi istiqamətində ardıcıl siyasətin uğurla davam
etdirilməsi nəticəsində ölkəmizdə sabitlik təmin edilməklə
Azərbaycanın beynəlxalq nüfuzu daha da artıb. Eyni zamanda,
prokurorluq orqanlarının aidiyyəti dövlət qurumları, o cümlədən
hüquq-mühafizə orqanları ilə birgə fəaliyyəti nəticəsində qanunun
aliliyinin təmin edilməsi, cinayətkarlığa qarşı mübarizənin
gücləndirilməsi və vətəndaşların hüquq və azadlıqlarının müdafiəsi
istiqamətində zəruri tədbirlər həyata keçirilib.

Eyni zamanda “Şəhərsalma və Memarlıq İli” elan edilmiş 2026-cı
ildə ölkəmizdə şəhərsalma və infrastrukturun inkişafı istiqamətində
müasir şəhərsalma prinsiplərinin tətbiqi, dayanıqlı və təhlükəsiz
yaşayış mühitinin formalaşdırılması, eləcə də işğaldan azad edilmiş
ərazilərdə “ağıllı şəhər” və “ağıllı kənd” konsepsiyalarının geniş
tətbiqinin bu sahədə həyata keçirilən siyasətin əsas qayəsini
təşkil etməsi vurğulanaraq, işğaldan azad edilmiş ərazilərdə
genişmiqyaslı bərpa və quruculuq işlərinin və bunun məntiqi davamı
olaraq soydaşlarımızın öz doğma yurd-yuvalarına intensiv formada
köçünün təmin edilməsinin cari ildə də planlı şəkildə həyata
keçirilməsi müsbət hal qismində qeyd edilib.

İclasda, həmçinin, bu müddət ərzində prokurorluq orqanlarında
görülmüş işlər, əldə edilmiş nailiyyətlərdən bəhs edilərək xidməti
fəaliyyətin təkmilləşdirilməsi, keyfiyyətinin daha da artırılması
istiqamətində qarşıda duran əsas prioritetləri, o cümlədən Cinayət
və Cinayət-Prosessual Məcəllələrində cinayət mühakimə icraatının
elektron qaydada aparılması, elektron formada sübutlarla, onların
toplanması, mühafizəsi və digər məsələlərlə bağlı edilmiş
dəyişikliklərlə əlaqədar prosessual fəaliyyətdə tətbiqi zəruri
əhəmiyyət kəsb edən təşkilati və hüquqi məsələlər diqqətə
çatdırılıb.




Daha sonra Geniş Kollegiya iclasının gündəliyinə uyğun olaraq
bir sıra aktual məsələlər müzakirə olunub.

İclasda İslam Əməkdaşlıq Təşkilatına üzv dövlətlərin
korrupsiyaya qarşı mübarizə aparan hüquq-mühafizə orqanları
rəhbərlərinin üçüncü yüksək səviyyəli görüşünün təşkili ilə bağlı
görülən işlər və qarşıda duran vəzifələr barədə Baş prokurorun
müavini Heydər Məmmədov məruzə ilə çıxış edərək cari ildə
Azərbaycan Respublikasında keçirilməsi nəzərdə tutulan bu mötəbər
tədbirin ölkəmizin beynəlxalq hüquq-mühafizə əməkdaşlığında fəal
iştirakının və korrupsiyaya qarşı mübarizə sahəsində təşəbbüskar
mövqeyinin göstəricisi olduğunu, həmçinin görüş çərçivəsində
iştirakçı dövlətlər arasında təcrübə mübadiləsinin
genişləndirilməsi, institusional əməkdaşlığın gücləndirilməsi və
birgə fəaliyyət istiqamətlərinin müəyyən edilməsi baxımından mühüm
nəticələrin əldə ediləcəyini vurğulayıb.

Bundan başqa iclasda cinayət mühakimə icraatının elektron
qaydada aparılması və elektron formada sübutlarla bağlı
qanunvericiliyə edilmiş son dəyişikliklərdən irəli gələn vəzifələr
ilə bağlı Baş Prokurorluğun Təşkilat və icraya nəzarət idarəsinin
rəisi Tural Aslanov, İstintaq idarəsinin rəisi Nemət Əvəzov,
əlaqədar digər məsələlərlə bağlı isə Kriminalistika və İnformasiya
texnologiyaları idarəsinin İnformasiya texnologiyaları şöbəsinin
rəisi Akif Məmmədyarov və Kibertəhlükəsizlik şöbəsinin rəisi Aydın
Verdiyev, Sənədlərlə və müraciətlərlə işin təşkili idarəsinin rəisi
Sahib İsmayılov, “Prokurorluq orqanlarında qulluq keçmə haqqında”
Azərbaycan Respublikası Qanununa uyğun olaraq icrası həvalə olunmuş
vəzifəyə təyinata razılıq verilməsi ilə bağlı Kadrlar idarəsinin
rəisi Natiq Hüseynov məruzələrlə çıxış ediblər.

Müzakirələr zamanı Kollegiya üzvləri və iclasa dəvət olunmuş
şəxslər gündəliyə salınmış məsələlər ətrafında çıxış edərək
təkliflərini səsləndirib, sonda gündəlikdə olan məsələlər üzrə
müvafiq qərarlar qəbul olunub.

İclasa yekun vuran Baş prokuror cari ildə prokurorluq
orqanlarının qarşısında duran kifayət qədər məsuliyyətli
məsələlərin həlli istiqamətində hər bir prokurorluq əməkdaşının öz
bilik və təcrübəsini səfərbər edəcəyinə, prosessual fəaliyyətin
yeni mərhələyə keçidinin təşkili və icrası ilə bağlı qarşıya
qoyulmuş vəzifələrin öhdəsindən layiqincə gələcəklərinə və bundan
sonra da hər zaman olduğu kimi qanunun aliliyinin təmin edilməsi,
vətəndaşların hüquq və azadlıqlarının müdafiəsi və dövlət
maraqlarının qorunması istiqamətində fəaliyyətlərini ən yüksək
tələblər səviyyəsində quracaqlarına əminliyini ifadə edib.