
Bakı. Trend:
Aprelin 14-də maliyyə naziri, Asiya İnkişaf Bankının (AİB)
Azərbaycan üzrə rəhbəri Sahil Babayev ölkəmizdə səfərdə olan bankın
Mərkəzi və Qərbi Asiya Departamentinin baş direktoru xanım Leah
Gutierrezin rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib.
Trend xəbər verir ki, bu
barədə Maliyyə Nazirliyi məlumat yayıb.
Görüşdə Azərbaycan ilə AİB arasında əməkdaşlığın
genişləndirilməsi perspektivləri, xüsusilə bankın maliyyə və
texniki dəstəyi çərçivəsində icra olunan və gələcəkdə həyata
keçirilməsi nəzərdə tutulan layihələr müzakirə olunub.
Nazir Sahil Babayev bildirib ki, Azərbaycan AİB ilə tərəfdaşlığa
böyük önəm verir və bu əməkdaşlıq çərçivəsində bank tərəfindən
maliyyələşdirilən layihələr və göstərilən maliyyə-texniki dəstək
ölkənin dayanıqlı sosial-iqtisadi inkişafında mühüm rol oynayır.
Qeyd edilib ki, AİB ilə əməkdaşlıq çərçivəsində indiyədək
145 layihə üzrə təxminən 5.5 milyard ABŞ dolları
həcmində maliyyələşmə həyata keçirilib və bu tərəfdaşlığın davamı
olaraq 2025–2029-cu illəri əhatə edən Ölkə Tərəfdaşlıq Strategiyası
milli inkişaf prioritetlərinə uyğun şəkildə formalaşdırılıb.
Azərbaycanın AİB ilə əməkdaşlıqda iqtisadi diversifikasiya,
yaşıl və davamlı inkişaf, eləcə də inklüziv artım kimi
prioritetləri ön plana çəkdiyini vurğulayan nazir ölkəmizin Asiya
İnkişaf Fonduna 2021–2027-ci illər üzrə töhfələr verən fəal
tərəfdaş kimi çıxış etdiyini bildirib. Eyni zamanda, makroiqtisadi
sabitliyin gücləndirilməsi, fiskal intizamın artırılması, dövlət
maliyyə idarəetməsinin təkmilləşdirilməsi, orta müddətli xərclər
çərçivəsinin tətbiqi, şəffaflıq və idarəetmənin yaxşılaşdırılması,
eləcə də dövlət müəssisələrinin səmərəliliyinin artırılması və özəl
sektorun iqtisadiyyatda iştirakının genişləndirilməsi istiqamətində
aparılan ardıcıl islahatlar diqqətə çatdırılıb.
Öz növbəsində, xanım L.Gutierrez Azərbaycanla əməkdaşlığın
inkişafından məmnunluğunu ifadə edərək, ölkəmizin xüsusilə Mərkəzi
Asiya Regional İqtisadi Əməkdaşlıq (CAREC) proqramı çərçivəsində
fəal iştirakını yüksək qiymətləndirib. O, ticarət, nəqliyyat və
logistika əlaqələrinin gücləndirilməsinin regionda iqtisadi
inteqrasiyanın dərinləşməsi və dayanıqlı inkişafın təmin olunması
baxımından mühüm əhəmiyyət daşıdığını bildirib.
Görüş zamanı, həmçinin nəqliyyat bağlantıları, su təchizatı və
kommunal infrastrukturun modernləşdirilməsi, yaşıl enerji sahəsində
əməkdaşlığın genişləndirilməsi istiqamətləri ətrafında geniş fikir
mübadiləsi aparılıb.
Tərəflər özəl sektorun inkişafı, xüsusilə kiçik və orta
sahibkarlığın maliyyəyə çıxış imkanlarının genişləndirilməsi,
kapital bazarlarının inkişafı və dövlət-özəl tərəfdaşlıq
mexanizmləri (PPP) vasitəsilə investisiyaların cəlb edilməsi
sahələrində birgə fəaliyyət imkanlarının genişləndirilməsinin
vacibliyini qeyd ediblər.


